Netanyahu seçkilərdə öndədir
İsraildə keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, Baş nazir Benyamin Netanyahu rəqibi, keçmiş hərbi rəhbər Qadi Eyzenkotdan öndədir. Lakin onun rəhbərlik etdiyi siyasi blok parlamentdə çoxluq əldə etmək üçün kifayət qədər səs toplaya bilməyib.
Bülletenlərin 85 faizi hesablandıqdan sonra Netanyahunun “Likud” partiyası və onun sağçı, ultraortodoks yəhudi müttəfiqlərinin parlamentdə 53 yer qazanacağı gözlənilir. Eyzenkotun “Yashar” partiyası və digər üç müxalifət partiyasının isə ümumilikdə 48 yer əldə edəcəyi proqnozlaşdırılır.
Hər iki siyasətçi hökumət koalisiyası formalaşdırmağa çalışacaqlarını bildirib. Ərəb partiyalarının isə parlamentdə rekord sayda — 19 yer qazanacağı gözlənilir. Bu partiyalar hökumətin formalaşdırılmasında həlledici rol oynaya bilər. Lakin yəhudi partiyalarının demək olar ki, hamısı onlarla əməkdaşlıq etməyəcəyini açıqlayıb.
Əsgərlərin və diplomatların 430-480 min arasında seçki bülleteninin hələ hesablanmadığı bildirilir. Buna görə də yekun nəticələrin açıqlanması bir neçə gün çəkə bilər.
Nəticələr təsdiqləndikdən sonra Prezident İsxak Hersoq siyasi qüvvələrlə məsləhətləşmələr aparacaq və hökuməti formalaşdırmaq üçün ən yüksək şansa malik hesab etdiyi liderə mandat verəcək. Bu prosesin bir neçə həftə davam edə biləcəyi gözlənilir.
Hersoq seçkilərdə iştirak səviyyəsinin 77,7 faiz olduğunu bildirib. Bu, son iyirmi ildən artıq müddətdə ölkədə qeydə alınan ən yüksək seçici fəallığıdır. Prezident növbəti seçkilərin keçirilməsinin qarşısını almaq üçün siyasi qüvvələri konstruktiv mövqe tutmağa çağırıb.
BBC NEWS
Fidan Alışova