00:00:00
Yazar
Ayan Sadi
28.10.2026 23:10 28 3 dəq oxuma
Dünya

Almaniya Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir

Almaniya Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir

Almaniyanın Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyi iqtisadi imkanların artırılması, yeni bazarlara çıxış və ticarət tərəfdaşlıqlarının gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Liberal iqtisadçılar mərkəzinin sədri Akif Nəsirli bildirib ki,Almaniyanın Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyi ilk növbədə iqtisadiyyatının ixracdan asılılığı, Çin bazarına bağlılığın yaratdığı risklər və ABŞ-la ticarət münasibətlərindəki qeyri-müəyyənliklə bağlıdır:

 

“Almaniya sənaye məhsullarının, avtomobillərin, maşınqayırma avadanlıqlarının və kimya sənayesi məhsullarının əsas ixracatçılarından biridir. Asiya bazarlarına çıxışın genişləndirilməsi Almaniya şirkətlərinə yeni alıcılar qazandırmaq və satış coğrafiyasını şaxələndirmək imkanı verə bilər.Digər tərəfdən, bu siyasət təkcə iqtisadi deyil, həm də geosiyasi xarakter daşıyır. Berlin bir bazardan və ya təchizatçıdan həddindən artıq asılılığın yaratdığı riskləri azaltmağa, kritik xammal və texnologiyalara çıxışını qorumağa çalışır. Bununla belə, Çinlə iqtisadi əlaqələrin genişləndirilməsi ilə strateji asılılığın azaldılması arasında ziddiyyət yarana bilər”.

 

Akif Nəsirli qeyd edib ki,Almaniya kansleri Fridrix Mertsin 2026-cı il oktyabrın 27-də Sinqapurda Avropa İttifaqı ilə Trans-Sakit Okean Tərəfdaşlığı arasında geniş ticarət sazişi təklif etməsi bu strategiyanın konkret ifadəsidir. 

 

Bu iki iqtisadi blok dünya ticarətinin üçdə birindən çoxunu təmsil edir. Berlin gələcəkdə ASEAN ölkələri ilə də azad ticarət sazişinə nail olmağı hədəfləyir. Almaniya üçün əsas məsələ Çinlə ticarəti dayandırmaq deyil, alternativ bazar və təchizat kanalları yaratmaqdır. Çin 2025-ci ildə təxminən 252 milyard avroluq ticarət dövriyyəsi ilə Almaniyanın ən böyük ticarət tərəfdaşı olub. Lakin 2026-cı ilin ilk yeddi ayında Almaniyanın Çinə maşın ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18 faiz, avtomobil ixracı isə 30 faiz azalıb. Bu, Çin bazarında yerli istehsalçıların güclənməsinin Almaniya şirkətləri üçün rəqabəti artırdığını göstərir. Asiya ilə əlaqələrin genişlənməsi Almaniya iqtisadiyyatına yeni sifarişlər, investisiyalar və təchizat mənbələri qazandıra bilər. Xüsusilə Hindistan və Cənub-Şərqi Asiya ölkələri sənaye avadanlıqları, kimya məhsulları, avtomobil texnologiyaları və rəqəmsal həllər üzrə Almaniya şirkətləri üçün perspektivli bazarlardır. 

 

 

Akif Nəsirlinin sözlərinə görə ölkələrdən elektron komponentlərin, batareya materiallarının və digər sənaye xammalının alınması təchizat zəncirinin şaxələndirilməsinə kömək edə bilər.

 

 

Bununla belə, ticarət əlaqələrinin genişlənməsi Almaniyanın iqtisadi problemlərini avtomatik həll etməyəcək. Asiyadan idxalın ixracdan daha sürətlə artması ticarət kəsirini böyüdə, ucuz sənaye məhsulları isə yerli istehsalçılar üzərində rəqabət təzyiqini gücləndirə bilər. Üstəlik, Çinlə bağlı riskləri azaltmaq məqsədilə digər Asiya ölkələrinə yönəlmək yalnız o halda real nəticə verəcək ki, Almaniya yeni bazarlarda davamlı satış imkanları qazansın və kritik məhsullar üzrə yeni asılılıqlar yaratmasın. 2026-cı il üzrə Asiya-Sakit okean regionu ilə ticarət kəsirinin rekord həddə yaxınlaşacağı barədə proqnozlar da bu riskin mövcudluğunu göstərir.Nəticə etibarilə, Almaniyanın Asiya strategiyası həm iqtisadi artım, həm də geosiyasi manevr imkanlarını genişləndirmək cəhdidir. Bu siyasətin uğuru ticarət dövriyyəsinin sadəcə artması ilə deyil, Almaniyanın ixrac qabiliyyətinin güclənməsi, yeni bazarlarda rəqabət üstünlüyünün qorunması və strateji təchizat asılılıqlarının azalması ilə ölçüləcək.

 

 

Nurgün Qənizadə

#genişləndirmək #yeni #istəyir #ticarət #almaniya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər