ABŞ-dən İraqa səfərlə xəbərdarlığı
Amerika Birləşmiş Ştatları vətəndaşlarına “hər hansı səbəbdən” İraqa səfər etməmək barədə ciddi xəbərdarlıq edib. Bu qərar Yaxın Şərqdəki bəzi amerikalı diplomat və personalın təxliyəsi fonunda verilib.
ABŞ Dövlət Departamentinin yaydığı yazılı açıqlamada qeyd olunub ki, həyati əhəmiyyət daşımayan dövlət işçilərinə ölkəni tərk etmək göstərişi verilib. Bəyanatda İraqa səfərlə bağlı səyahət xəbərdarlığının ən yüksək – 4-cü səviyyəyə qaldırıldığı və qırmızı xəbərdarlıq elan olunduğu bildirilir.
Xəbərdarlığın əsas səbəbləri sırasında terror təhlükəsi, adam oğurluqları, silahlı qarşıdurmalar, vətəndaş iğtişaşları və ABŞ hökumətinin İraqda vətəndaşlarına təcili yardım göstərmək imkanlarının məhdudluğu göstərilir.
Bəyanatda əlavə olunub ki, İraqda fəaliyyət göstərən ABŞ personalı son dərəcə ciddi təhlükəsizlik şəraitində yaşamalı və işləməlidir. “İraqda terror hücumları və digər zorakı fəaliyyətlər real təhlükə olaraq qalır”, – deyə Dövlət Departamenti vurğulayıb.
TRT haber
Mahmudlu Ləman