ABŞ-dən nüvə sınağı açıqlaması
ABŞ, nüvə silahı sınaqlarının bir hissəsi olaraq nüvə zəncirvari reaksiya yaratmayan subkritik partlayışlar həyata keçirmək niyyətindədir.
Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, nüvə sınaqlarının keçirilməsi istənilən halda dünya üçün böyük təhlükənin əsas əlamətlərindən biridir:
“Həm Çin, həm də Rusiya mütəmadi olaraq belə sınaqlar keçirirlər. Prezident Donald Tramp da əsas arqument kimi onu irəli sürür ki, Rusiya və Çin kimi rəqiblər nüvə sınaqları keçirdiyi halda, ABŞ-də bu istiqamətdə həm sınaqlar, həm də təlimlər keçirməlidir. Təbii ki, Prezident Donald Trampın bu barədə Pentaqona təlimat verməsi əslində müəyyən mənada həm Rusiyaya, həm Çinə, həm də digər rəqib düşərgəyə mənsub olan dövlətlərə ciddi bir mesajdır. Bu da onu göstərir ki, ABŞ-ni nüvə faktoru üzərindən şantaj etmək mümkün olmayacaq. ABŞ nüvə rəqabətinə hazırdır. Digər tərəfdən, ABŞ nüvə sınaqları ilə həm də rəqiblərinə təzyiqlər göstərmək niyyəti güdür. Çünki adətən Prezident Donald Tramp iqtisadi ticari anlaşmaları hərbi-siyasi təzyiqlər üzərindən reallaşdırmağa çalışır. İndiyədək Ağ Ev sahibi bu istiqamətdə kifayət qədər ciddi nəticələr əldə edib. Ancaq bəzi hallarda müqavimət daha güclü olur, xüsusilə də Çin timsalında bu müqavimət mövcuddur. Eyni zamanda Rusiya da savaşı dayandırmamaqla ABŞ-nin Ukraynada təbii sərvətləri istismar etmək niyyətlərini boşa çıxarır. İndi də nüvə sınaqları ilə bağlı məsələni gündəmə gətirməklə ABŞ həm Çinə, həm Rusiyaya xəbərdarlıq mesajı vermiş olur. Bu da o deməkdir ki, qarşı tərəfdən də buna bənzər addımlar atıla bilər. Rusiya mütəmadi olaraq nüvə faktoru üzərindən təhdidləri gündəmə gətirir. Böyük ehtimalla bundan sonra bu təhdidlər daha geniş miqyaslı, daha təhlükəli məzmun almağa başlayacaq. Dünyanın ən ehtiyatlı və balanslı xarici siyasət yürüdən dövlətlərindən olan Çin də yəqin ki, tədricən ABŞ-nin davranışlarına reaksiya verməyə başlayacaq. Bu da onu göstərir ki, dünyada nüvə silahı üzərindən rəqabət mühiti yaranıb və bu rəqabət mühiti dünyanın təhlükəsizlik balansını ciddi şəkildə pozur”.
Səadət Əlizadə