00:00:00
Yazar
Nərmin Həşimova
30.06.2026 18:16 20 2 dəq oxuma
Siyasət

ABŞ-İran münasibətlərində gərginlik artır: razılaşma niyə gecikir?

ABŞ-İran münasibətlərində gərginlik artır: razılaşma niyə gecikir?

ABŞ ilə İran arasında münasibətlərin gələcək istiqaməti yenidən qeyri-müəyyənlik mərhələsinə daxil olub. İran yekun razılaşma üzrə danışıqların başlanmasının yalnız əvvəlcədən razılaşdırılmış öhdəliklərin icrasından asılı olduğunu vurğulayır. Bu vəziyyət tərəflər arasında etimadın bərpası və mümkün diplomatik prosesin perspektivləri ilə bağlı yeni suallar yaradır.


Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ və İran arasındakı münasibətlərin hazırkı mərhələsi, demək olar ki, danışıqların dondurulması ilə müşahidə olunur: 

 

“İndiki mərhələdə belə görünür ki, ABŞ danışıqlar aparmaqda çətinlik çəkir. Çünki burada əvvəlcədən də İsrailin mövqeyi məlum məsələ idi. İsrail çalışırdı ki, ABŞ və İran arasında razılaşma baş tutmasın və Tramp administrasiyası İrana qarşı sərt ritorikanı davam etdirsin. Donald Trampın da bununla bağlı müəyyən qədər çətinlikləri var və İranla danışıqlar müəyyən ölçüdə baş tutmur. Eyni zamanda, İranın daxilində də ABŞ ilə dialoqa hazır olsalar, çalışsalar ki, müəyyən razılaşmalar əldə olunsun, açıq şəkildə buna qarşı güclü müqavimət var. Yəni, SEPAH və onun nəzarətində olan siyasi qüvvələr konkret olaraq Pezeşkian hökumətini bu məsələdə sıxışdırırlar".


Politoloq qeyd edib ki, bir çox məsələlərdə tərəflər arasında narazılıq var: 


“Məsələn, proksi qüvvələrə dəstək məsələsində ABŞ və İsrail istəyir ki, İran proksi qüvvələrə dəstəkdən tamamilə imtina etsin. Söhbət Hizbullaha və HƏMAS-a olan dəstəkdən gedir. Ancaq İran tərəfi, xüsusilə də SEPAH bunu qəbul etmək istəmir. Çünki proksilər SEPAH-ın bir qanadı şəklində fəaliyyət göstərir. İkinci məsələ uzaqmənzilli raket proqramının ləğvi ilə bağlıdır. İslam İnqilabından dərhal sonra İran bu məsələ üzərində çalışır, ancaq ABŞ bunun dayandırılmasını istəyir. Üçüncü məsələ isə nüvə ilə bağlıdır. Burada da fikir ayrılıqları var. İran zənginləşdirilmiş uran ehtiyatını özündə saxlamaq istəyir, ABŞ isə onun təhvil verilməsini tələb edir. Bu məsələlərdə ciddi narazılıqlar var və bu narazılıqların fonunda İsrailin Livanda həyata keçirdiyi əməliyyat həmin narazılıqları daha da körükləyir. İran buna cavab verməyi öz üzərinə məsuliyyət hesab edir və deyir ki, biz buna cavab verməli, Hizbullahı Livanda müdafiə etməliyik. ABŞ isə İranın İsraillə müharibəyə qoşulmasını qəbul etmək istəmir. Eyni zamanda, son zamanlar Hörmüz boğazı ətrafında yaşanan hadisələr də gərginliyi müəyyən qədər körükləyən məsələlərdəndir. Yəni, həmin boğaz ətrafında sanki müəyyən qüvvələr İran və ABŞ-ni təxribatlara çəkmək üçün əllərindən gələni edirlər. Bu da tərəflər arasında danışıqların, demək olar ki, dondurulması ilə nəticələnən prosesin baş verməsinə səbəb olub".


Mehriban Yariyeva

#ABŞ #İran #danışıqlar #münasibətlər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər