ABŞ Nigeriyaya hərbi zərbə endirə bilər- Tramp və Pentaqon xəbərdarlıq edib
Pentaqon rəhbəri Pit Heqset bəyan edib ki, Nigeriyada yerli xristianlara qarşı hücumlar dayandırılmasa, ABŞ Nigeriyadakı cihadçılara qarşı hərbi zərbə endirməyə hazırdır. Donald Tramp da xristianların kütləvi qırğınlarının davamı halında ABŞ-ın Nigeriyaya müdaxilə edə biləcəyini istisna etməyib.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında qeyd edib ki, indiki mərhələdə həm Trampın bəyanatına, həm də Pentaqon rəhbərinin açıqlamasına xəbərdarlıq kimi yanaşmaq daha düzgün olardı:
“Bu, daha çox vəziyyətin belə davam edəcəyi halda hərbi müdaxilə variantının da gündəmdə olduğuna dair verilmiş mesajdır. Çünki hərbi müdaxilə özü-özlüyündə ciddi addımdır. Hər hansı bir ölkəyə hərbi müdaxilə üçün Nigeriya hökumətinin rəsmi dəvəti, yaxud BMT-nin müvafiq mandatı tələb olunur. Bundan başqa, ABŞ-nin milli təhlükəsizlik qanunları çərçivəsində ‘özünümüdafiə hüququndan’ istifadə etdiyinə dair əsaslandırmalar və Konqresin razılığı da vacibdir. Nigeriyada “Boko Haram” terror qruplaşması fəaliyyət göstərir və onlar vasitəsilə tez-tez mülki əhaliyə qarşı terror aktları törədilir. Bununla bağlı ABŞ və digər beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər olub. Hətta Nigeriya hökumətinin həmin qrupla mübarizədə effektiv fəaliyyəti üçün ABŞ maliyyə və texniki dəstək də göstərilib.Trampın prezidentliyi dövründə ABŞ-nin Nigeriyaya silah satışını təsdiqləməsi də terrorla mübarizəyə dəstək addımı kimi dəyərləndirilə bilər”.
Politoloqun sözlərinə görə, Nigeriya hökumətinin mövqeyi ondan ibarətdir ki, onlar terrorla mübarizədə ABŞ ilə eyni fikri bölüşürlər, lakin xristian əhaliyə qarşı ayrı-seçkilik olduğuna dair bəyanatları qəbul etmirlər:
“Müdaxilə ilə bağlı bəyanatlar çərçivəsində ABŞ ilə Nigeriya arasında müvafiq təmaslar olacaq. Yəqin ki, bu məsələ liderlər səviyyəsində də müzakirə olunacaq. Görüş zamanı terrorla birgə mübarizə barədə yeni razılaşmaların əldə olunması da mümkündür.Razılaşma baş tutmazsa və müvafiq prosedurlar tamamlandıqdan sonra əməliyyatlar başlayarsa, bu, əsasən Nigeriyanın cənub bölgələrini əhatə etməlidir. Çünki söhbət xristian əhalinin qorunmasından gedirsə, həmin əhali əsasən məhz ölkənin cənub hissəsində məskunlaşıb. Yaxın vaxtlarda keçiriləcək təmaslar ABŞ və Nigeriyanın bu məsələ ilə bağlı ortaq məxrəcə gəlməsinə imkan verə bilər”.
Mələk Hüseynova