00:00:00
Yazar
Elmira Ağayeva
02.07.2026 21:53 27 3 dəq oxuma
Siyasət

ABŞ və İran Qətərdə ekspert səviyyəsində danışıqlar aparacaq

ABŞ və İran Qətərdə ekspert səviyyəsində danışıqlar aparacaq

 

ABŞ və İran nümayəndələrinin bu həftə Dohaya səfər edərək ekspert səviyyəsində danışıqlar aparacağı bildirilir.

 

Məlumata görə, tərəflər arasında birbaşa təmas nəzərdə tutulmur. Danışıqlarda Qatar və Pakistan vasitəçi qismində iştirak edəcək.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov bildirib ki, danışıqların ekspertlərin iştirakı ilə davam etdirilməsi son dərəcə vacibdir:

 

"Çünki tərəflər arasında təxminən 50 ilə yaxındır ki, diplomatik münasibətlər yoxdur. Bu müddət ərzində isə münasibətlərin bərpasına mane olan çoxsaylı problemlər və qarşılıqlı etimadsızlıq formalaşıb. Məhz buna görə də ilk mərhələdə ekspertlər səviyyəsində təmasların qurulması xüsusi əhəmiyyət daşıyır. Ekspertlər bütün detalları, hüquqi və siyasi nüansları dərindən bildikləri üçün onlar üz-üzə əyləşərək mümkün həll yollarını müzakirə edə bilərlər. Belə görüşlər tərəflərin mövqelərini yaxınlaşdırır, ortaq məqamların müəyyənləşdirilməsinə imkan yaradır. Sonrakı mərhələdə isə hazırlanmış təkliflər və mümkün razılaşma modelləri Xarici İşlər nazirliklərinə və siyasi rəhbərliyə təqdim olunur. Bu baxımdan ekspertlər danışıqlar prosesinə yol açan və onun davamlılığını təmin edən əsas həlqələrdən biridir. Eyni zamanda, bu prosesin əleyhdarları da mövcuddur. Təkcə İsraildə deyil, bəzi ərəb ölkələrinin daxilində də ABŞ ilə İran arasında münasibətlərin normallaşmasını istəməyən qüvvələr var. Onlar hesab edirlər ki, İranın regional siyasəti təhlükə yaradır və ABŞ bölgədə əsas təhlükəsizlik təminatçısı olaraq qalmalıdır. Qətərin vasitəçilik təşəbbüsü də məhz bu baxımdan diqqət çəkir. Baxmayaraq ki, İranın hərbi əməliyyatlarından müəyyən zərər görüb, Qətər hesab edir ki, İran regionun ayrılmaz hissəsidir və onunla dialoq qurmaq təcrid siyasətindən daha səmərəlidir. Qətərin mövqeyinə görə, Körfəz ölkələri problemlərini ilk növbədə öz aralarında həll etməyə çalışmalıdırlar". 
 

Siyasi şərhçi  vurğulayıb ki, bu yanaşma müəyyən mənada Azərbaycanın irəli sürdüyü regional əməkdaşlıq təşəbbüsləri ilə də səsləşir:

 

"Məqsəd ondan ibarətdir ki, bölgə problemləri kənar müdaxilə olmadan, region dövlətlərinin öz iştirakı ilə həll edilsin. Bölgədə isə fərqli yanaşmalar mövcuddur. Məsələn, Bəhreyn açıq şəkildə ABŞ və İsraillə yaxın siyasət yürüdür və İranı əsas təhlükə mənbəyi hesab edir. Bu da göstərir ki, region ölkələri arasında vahid mövqe yoxdur. Lakin bütün bu fərqlərə baxmayaraq, artıq hər kəs anlayır ki, gərginlik pik həddə çatıb və vəziyyət nəzarətdən çıxarsa, daha genişmiqyaslı münaqişəyə çevrilə bilər. Buna görə də praqmatik diplomatiyanın əsas məqsədi ortaq məxrəcə gəlmək, tərəflər arasında dialoqu qorumaq və gərginliyin daha da artmasının qarşısını almaqdır. Qətər və Pakistanın vasitəçi qismində seçilməsinə gəlincə, İran əvvəldən bu prosesdə etimad göstərdiyi ölkələrin iştirakını istəyirdi. İran NATO üzvü olan Türkiyənin vasitəçi olmasını məqsədəuyğun hesab etmirdi. Pakistan və Qətər isə həm Tehran, həm də Vaşinqton üçün qəbul edilən tərəflər kimi ön plana çıxdılar. ABŞ da bu yanaşmaya etiraz etmədi. Beləliklə, hər iki vasitəçinin əsas vəzifəsi tərəflər arasında etimadı möhkəmləndirmək və danışıqlar prosesində əlavə maneələrin yaranmasının qarşısını almaqdır. Tərəflərin verdiyi sərt bəyanatlara gəlincə, bunların əhəmiyyətli hissəsi daxili auditoriyaya hesablanıb. Həm İran, həm də ABŞ rəhbərliyi ictimai rəyin reaksiyasını nəzərə alaraq daha qətiyyətli ritorikadan istifadə edir. Lakin real vəziyyət göstərir ki, hər iki tərəf danışıqların davam etdirilməsində maraqlıdır". 

 

Tofiq Abbasov, həmçinin, qeyd edib ki, ABŞ da başa düşür ki, prosesin diplomatik yolla həlli daha məqsədəuyğundur:

 

"Son hadisələr göstərdi ki, Vaşinqton həm hərbi, həm də siyasi baxımdan müəyyən çətinliklərlə üzləşib. Buna görə də ABŞ administrasiyası öz mövqeyini daha balanslı təqdim etməyə çalışır. İran tərəfi də oxşar yanaşma nümayiş etdirərək baş verənləri daha çox daxili auditoriyanın gözləntilərinə uyğun şərh edir. Münaqişələr zamanı hər iki tərəfin müəyyən uğursuzluqları və səhvləri olur. Əsas məsələ isə bu səhvlərdən nəticə çıxarmaq və diplomatik yollarla çıxış yolu tapmaqdır. Taktiki baxımdan bəzi məlumatların fərqli təqdim olunması mümkün olsa da, strateji baxımdan həqiqət uzun müddət gizli qala bilməz. Nəticə etibarilə, əsas məqsəd Vaşinqton və Tehran arasında dialoqun davam etdirilməsi, qarşılıqlı etimadın artırılması və regionda sabitliyin bərpasıdır. Hazırda Yaxın Şərq və Fars körfəzi üçün ən vacib məsələ də məhz budur. Diplomatiya isə bu prosesdə həlledici rol oynamağa davam edəcək".

 

Aişə Mustafayeva

#ABşŞ #İran #Qətər #Doha
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər