ABŞ Zəngəzura dəstək verib, biz önünü aldıq
Bunu İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.
“Bu gücün ən bariz əlamətlərindən biri də İranın Cənubi Qafqaz regionundakı böhrana çevik və qətiyyətli reaksiya verməsi idi. Bəzi ölkələr Zəngəzur dəhlizinin yaradılması bəhanəsi ilə Naxçıvanı Ermənistan ərazisi vasitəsilə Azərbaycanla birləşdirməyə cəhd göstərdikdə, bu layihə əslində İran dəhlizinin parçalanması və Avropaya yolun əngəllənməsi demək idi, İran bu plana qətiyyətlə qarşı çıxdı və onun həyata keçirilməsini pozdu. Co Baydenin özü də ABŞ prezidenti vəzifəsini icra edərkən etiraf edib ki, dəhlizin işə salınması üçün hər şey hazırdır, lakin bu layihənin həyata keçirilməsinə İran mane oldu”.
Mövzu ilə əlaqədar politoloq Tural İrfan “İnformator.az”a olan müsahibəsində bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı İranın maneələr törətməsinin əsl səbəbi bu deyil. Onlar əvvəllər dəfələrlə bəyan ediblər ki, Türkiyə ilə Azərbaycanın daha yaxın əlaqələrinin qarşısını almaq üçün dəhlizin əleyhinədirlər:
“Hətta vaxtilə Qarabağın işğalına da buna görə dəstək verdiklərini ifadə edən İran rəsmiləri olub. İran Zəngəzur dəhlizinin qarşısını almaq iqtidarında deyil. Dəhlizin açılmasının ləngiməsi Ermənistanla bağlı müəyyən məsələlərin hələ açıq qalmasıdır ki, bu da düşünürəm sülh prosesinin yekunlaşması ilə həllini tapacaq. Çünki Ermənistan sərhəd xidməti və gömrük postunun olmasını istəyir. Zəngəzur dəhlizi İranın Avropaya yolunu əngəlləmir, bu İranın əsassız iddialarıdır”.
Ekspertin sözlərinə görə, bu məsələdə əgər həqiqətən də İranın maneəsi ucbatından dəhlizin açılmasının qarşısı alınmış olsaydı maraqlı dövlətlər, o cümlədən ABŞ bununla bağlı addım atıb:
“İran rəsmisi bu cür nəşəli açıqlamalar verməklə rejimin bölgədə guya prosesləri pozmaq iqtidarında olduğunu ifadə etmək istəyib. Amma ABŞ-nin, Avropa müşahidə missiyasının Ermənistanda yerləşməsinə təsir etmək məsələsində səsləri çıxmayıb. Düz İran sərhəddinə kimi gəlib yerləşib müşahidə aparırdılar. Doğrudur, İran hər vəchlə bu dəhlizin açılmasını istəmir. Amma bu o demək deyil ki, onun istəmədiyinə görə açılmır və açılmayacaq. Təbii ki, Zəngəzur dəhlizi ilə bağlı proseslər davam edir, sülh müqaviləsi yekunlaşıb təsdiq olunaraq həllini tapmaq yolundadır. Şübhə yoxdur ki, dəhliz mütləq açılacaq. İran Türkiyə ilə Azərbaycan arasında ideoloji, dini, məzhəbi sərhəd çəkərək mümkün qədər ayırmaq ideolojini qarşısına məqsəd qoyub. Zəngəzur dəhlizi əsasən bu iki ölkənin iqtisadiyyatına, yaxınlığına daha çox xidmət edəcək. Həmçinin digər ölkələrin də Azərbaycana maraq və diqqətini daha çox artıracaq”.
Asiman Vəliyeva