Ağacların qorunmasında rəqəmsal nəzarət mərhələsi başlayır
Leyla Əliyevanın təşəbbüsü ilə “agac.az” mobil tətbiqi istifadəyə verilib. IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə layihəsi çərçivəsində ölkə üzrə 212 mindən çox ağac QR kodlarla nişanlanıb. Tətbiq vasitəsilə vətəndaşlar ağaclar haqqında məlumat əldə edə, həmçinin zədələnmiş və qurumuş ağaclarla bağlı Nazirliyə məlumat göndərə bilərlər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında ekoloq, “Eko-Aləm” ictimai birliyinin sədri Sevil Yüzbaşova bildirib ki,bəli, belə bir fəaliyyət aparılır. Bu il yay aylarında keçirdiyim monitorinqlər zamanı ağacların üzərində bu nişanları gördüm:
“İstifadəçilər ağacların üzərindəki QR kodu skan edərək onların növü, yaşı, ölçüləri, dəqiq yeri və mövcud vəziyyəti barədə məlumatlarla tanış ola bilərlər. Tətbiq daxilindəki xəritə vasitəsilə elektron qeydiyyata alınmış ağacların yerləşdiyi əraziləri izləmək mümkündür. Vətəndaşlar qurumuş, zədələnmiş və ya qulluğa ehtiyacı olan ağacları müşahidə etdikdə onların fotoşəklini çəkərək tətbiq üzərindən birbaşa Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərə bilərlər. Qanunsuz kəsimlərin qarşısının alınması üçün bu metod çox faydalıdır. Hər bir ağacın fərdi QR kodu və koordinatları elektron bazada saxlanıldığı üçün onların icazəsiz kəsilməsi və ya yerinin dəyişdirilməsi dərhal qeydə alınır və izlənilə bilir. Bu, həm də vətəndaş nəzarətinin gücləndirilməsinə təsir edəcək, ekoloji maariflənməyə şərait yaradacaq. İstifadəçilər xəstələnmiş, qurumuş və ya zədələnmiş ağacların şəklini çəkərək dəqiq koordinatlarla birbaşa Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərə bilirlər. Bu, ağaclara vaxtında aqrotexniki qulluq göstərilməməsi probleminin həlli baxımından da faydalı olacaq. Problemli ağaclar barədə daxil olan siqnallar nazirliyin müvafiq qurumlarına ərazidə vaxtında suvarma, budama və ya müalicə işləri aparmağa imkan yaradır”.
Ekoloqun sözlərinə görə, şəhərsalma və tikinti layihələri zamanı ərazidəki yaşıllıqların dəqiq sayı və vəziyyəti barədə rəsmi rəqəmsal sübut bazası mövcud olur:

“Vətəndaşların ağacların növü və yaşı haqqında məlumat əldə etməsi onlarda yaşıllıqlara qarşı məsuliyyət və qayğı hissini artırır. Vətəndaşların ağacların vəziyyəti ilə bağlı birbaşa məlumat göndərməsi ekoloji problemlərin daha sürətli aşkarlanmasına, operativ həllinə və ictimai nəzarətin güclənməsinə səbəb olur. Dövlət qurumlarının əməkdaşları hər bir küçə və parka gündəlik nəzarət edə bilmədiyi halda, milyonlarla vətəndaş potensial müşahidəçiyə çevrilə bilər. Bu isə ağacların kəsilməsi haqqında məlumatın göndərilməsinə, ağaclardakı xəstəlik, quruma və ya ziyanvericilərin daha tez, yəni ilkin mərhələdə müəyyən edilməsinə və aradan qaldırılmasına şərait yaradır. Vətəndaşlar tərəfindən siqnal verildikdə və fotoşəkil, dəqiq GPS koordinatları ilə göndərilən müraciətlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq xidmətlərinin vaxt itirmədən birbaşa problemli nöqtəyə yönəlməsini və aqrotexniki qulluq göstərməsini təmin edəcək. Ancaq mən bu QR kodları Ağgöl Milli Parkının ərazisindəki ağaclarda gördüm. Bakıda müşahidə hələ müşahidə edilməyib. Milli parkların ərazisi onsuz da mühafizə olunur. Mühafizə olunmayan ərazilərdə də olduqca qiymətli, hətta abidə hesab olunan ağaclar var ki, onlar nəzarətsizdir. Zərdab rayonunun girişində belə, Əlvənd adlı bir kənd var. Onun girişində çox qədim abidə ağacı var ki, nəzarətsizdir. Qoruyucu çəpəri, üstündə nişanı belə yoxdur. Məncə, ilk növbədə abidə hesab olunan ağaclardan başlamaq lazımdır. Zaqatala şəhərində Dədə Qorqud parkında qədim abidə Şərq çinarı var idi, hətta üstündə nişanı da olub. Yerli sakinlərin dediyinə görə, bir gün gəlib onu da doğrayıb aparıblar. Bundan başqa, Qax rayonunun Tanqıt kəndinin köhnə qəbiristanlığının ərazisində çox qədim palıd olub ki, yerli sakinlərin dediyinə görə, kimsə gəlib onu da doğrayıb aparıb. Amma orada hələ də bir neçə abidə sayılacaq ağaclar var ki, onların da müdafiəyə, qorunmasına ehtiyac var. Bilsəniz ki, bu ağacları tapmaq, onlar haqqında məlumat toplamaq üçün biz nə qədər əziyyət çəkmişik. Nə qədər ki, gec deyil, onları nəzarətə götürmək lazımdır. Azərbaycan ərazisində yerli sakinlərin dediyinə görə, artıq yaşlı palıd ağaclarına dağlarda rast gəlinmir və onlar tükənməkdədir”.
Mələk Hüseynova