Ailəvi restoranlarda etik qaydaların pozulması: Sakitliyə və mədəniyyətə hörmətsizlik
Ailəvi restoranlar insanların rahat şəkildə istirahət etdiyi, ailə üzvləri ilə birlikdə vaxt keçirdiyi və sosial ünsiyyət qurduğu məkanlardır. Lakin son dövrlərdə bəzi müştərilərin bu cür məkanlarda siqaret çəkməsi, yüksək səslə danışaraq və qeyri-etik ifadələr işlədərək ümumi asayişi pozması ciddi narahatlıq doğurur. Bu cür davranışlar həm digər müştərilərin rahatlığını pozur, həm də uşaqların olduğu mühitdə mənfi təsir yaradır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hüquqşünas Ramil Süleymanlı bildirib ki, Azərbaycan Respublikasında tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Qanunun tələblərinə görə, qapalı məkanlarda siqaret çəkilməsi yolverilməzdir və bu, qanunvericiliklə qadağan olunub:
“Eyni zamanda bildirmək istəyirəm ki, tütün məmulatlarının çəkilməsi üçün xüsusi ayrılan yerlərdən mütləq şəkildə istifadə etmək lazımdır və ya havalandırması olmayan məkanlarda tütün məmulatlarından istifadə etmək olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinə əsasən, fiziki şəxslər 30 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər isə 1000 manat məbləğində inzibati qaydada cərimə olunurlar. Bundan əlavə bildirmək istəyirəm ki, ümumiyyətlə ictimai iaşə obyektlərində davranışları ilə digərlərinin rahatlığına narahatlıq yaradan şəxslər - məsələn, açıq şəkildə söyüş söymək və ya digər qeyri-etik hərəkətlərə yol vermək cəmiyyətə açıq-aşkar hörmətsizlik kimi qiymətləndirilir. Bu isə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq əməli kimi qiymətləndirilərək şəxslər barəsində cərimə, inzibati tənbeh, intizam tənbehi və ya hətta açıq-aşkar hörmətsizlik təhqiramiz ifadələrdə özünü göstərərsə, bir aya qədər inzibati qaydada həbs tətbiq oluna bilər”.
Banuçiçək Məmmədova