Almaniyanın Lavrovun bəyanatlarına cavabı: Berlin Moskvaya geri çəkilməyəcəyini göstərir
Almaniya Xarici İşlər Nazirliyinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son bəyanatlarına “qorxmuruq” məzmununda cavab verməsi Berlinin Moskva qarşısında siyasi iradə nümayiş etdirdiyini göstərir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, Almaniya bununla Moskvaya açıq mesaj göndərir ki, Rusiyanın təhdid və eskalasiya ritorikası Berlinin Ukraynaya dəstəyini zəiflətməyəcək.
Politoloqun sözlərinə görə, Lavrov avqustun 14-də Qərbin Ukraynaya hərbi yardımını dayandırmağa yönəlmiş addımların sərtləşdiriləcəyini bildirmişdi. Almaniya isə belə təhdidlərin artıq yeni olmadığını və Ukraynaya dəstək siyasətinin davam etdiriləcəyini bəyan edib.
"Bu açıqlamanın digər mühüm tərəfi ondan ibarətdir ki, Berlin məsələni yalnız Almaniya-Rusiya münasibətləri çərçivəsində deyil, NATO və Avropa təhlükəsizliyi kontekstində təqdim edir. Almaniya özünü Moskvanın təzyiqi qarşısında tək qalan dövlət kimi göstərməyərək, Qərbin kollektiv mövqeyinin bir hissəsi olduğunu nümayiş etdirir. Bu, həm Rusiyaya, həm də digər Avropa ölkələrinə verilən mesajdır və mesajın məğzi ondan ibarətdir ki, Kremlin hərbi və siyasi təhdidləri Avropanın Ukrayna məsələsində strateji kursunu dəyişməyə məcbur etməyəcək".
Rəşad Bayramov hesab edir ki, Lavrovun ritorikasını yalnız informasiya mübarizəsi kimi qiymətləndirmək düzgün olmaz. Onun sözlərinə görə, bu ritorikanın real diplomatik və təhlükəsizlik məqsədi var.
"Moskva Qərbə çatdırmağa çalışır ki, Ukraynaya verilən hər yeni silah və hərbi imkan Rusiyanın reaksiyasını sərtləşdirə bilər. Yəni bəyanatların əsas funksiyalarından biri çəkindirmədir. Lakin digər tərəfdən, bu ritorikanın böyük hissəsi siyasi və psixoloji təzyiq mexanizmi kimi işləyir. Təhdidlərin davamlı təkrarlanması Qərb cəmiyyətlərində “Ukraynaya dəstəyin qiyməti daha böyük müharibə ola bilər” qorxusunu yaratmağa hesablanıb".
Politoloq vurğulayıb ki, problemin əsas təhlükəsi də məhz buradadır. Əgər tərəflərdən biri hər bir yeni addımı qarşı tərəfin daha sərt cavabı ilə müşayiət edirsə, diplomatik manevr imkanları daralır və eskalasiya spiralının yaranması riski artır.
"Almaniyanın son açıqlaması göstərir ki, Berlin bu psixoloji təzyiq mexanizminə boyun əymək niyyətində deyil. Bununla yanaşı, Almaniyanın sərt mövqeyi Rusiya-Almaniya münasibətlərinin yaxın perspektivdə daha da pisləşəcəyini göstərir. Berlin artıq Moskvanı təkcə Ukrayna münaqişəsi kontekstində yox, həm də Avropanın ümumi təhlükəsizliyinə çağırış kimi qəbul edir. Almaniyanın yüksək səviyyəli hərbi rəhbərliyinin Rusiyanın NATO ölkələrində hibrid hücumlarla alyansın reaksiyasını sınaqdan keçirdiyi barədə xəbərdarlıqları da bu yanaşmanı gücləndirir".
Rəşad Bayramov qeyd edib ki, Lavrovun ritorikası həm real diplomatik təzyiq, həm də informasiya mübarizəsinin alətidir. Rusiya bununla Qərbin davranışını dəyişməyə çalışır, Almaniya isə əks mesaj verərək təhdidin Avropanın siyasi kursunu müəyyənləşdirməyəcəyini ortaya qoyur.
Politoloqun fikrincə, qarşılıqlı sərtləşmə davam edərsə, Rusiya-Qərb münasibətlərində dialoq imkanları daha da azalacaq və Avropada hərbi çəkindirmə və müdafiə hazırlığı uzunmüddətli siyasətin əsas elementinə çevriləcək.
Süsən Mərdalıqızı