"Azərbaycan Türkiyəyə çıxışı Naxçıvan hissəsindən təmin edə bilmir” - ŞƏRH
Azərbaycanla Ermənistan arasında sülh sazişi Gürcüstandan yan keçən alternativ ticarət marşrutları açmaqla Cənubi Qafqazın logistika arxitekturasını əhəmiyyətli dərəcədə dəyişdirə bilər.
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki, bu alternativ marşrutun açılması Cənubi Qafqazda ümumi ticarət axınlarını gücləndirəcək:
“Həm Gürcüstan olacaq, həm də Zəngəzur olacaq. Amma yəqin ki, Gürcüstan dəhlizi bir qədər yükünü azaldacaq. Əsas məsələ bu marşruta yüklərin daxil olmasıdır. Ondan sonra Cənubi Qafqazda iki marşrut olarsa, Avropa-Asiya ticarətində iki kanal yaranacaq. Kimə hansı variant daha yüngül, daha rahat və daha sürətli olacaq, məsələ bundadır. Və yaxud gələcəkdə bu kanallardan birində hansısa səbəbdən geosiyasi problemlər olarsa, digəri alternativ kimi çıxış edəcək. Amma təbii ki, Gürcüstan kanalı üçün bu, müəyyən qədər ticarətin azalması deməkdir. Lakin əsas yük gəlsə, yəni Avropa ilə Çin arasında ticarət dövriyyəsi nəzərə alınsa, bu axının məhz buradan keçməsi Azərbaycan üçün çox əlverişlidir. Cənub istiqamətində hazırda sülh yoxdur. Azərbaycan Türkiyəyə çıxışı Naxçıvan hissəsindən təmin edə bilmir”.
Həmçinin iqtisadçı qeyd edib ki, bu marşrutun açılması Azərbaycan, Ermənistan və Türkiyə arasında birbaşa inteqrasiya yaradır:
“Necə ki, Azərbaycan-Gürcüstan-Türkiyə xətti üzərində inteqrasiya formalaşıb, ikinci kanalın yaranması dayanıqlı sülhdən asılıdır. Əvvəllər burada Gürcüstan əsas tranzit idi. İndi isə sülhün nəticəsində yeni bir tranzit imkanının yaranması mümkündür. Ora investisiya qoyanlar da bu dayanıqlı sülhə əsaslanacaqlar. Gələcəkdə malların bu marşrutla daşınması da sabitliyin qorunmasını tələb edəcək. Risklərin azalması sülhün möhkəmlənməsi deməkdir və bu da yeni investisiyaları stimullaşdırır. Münaqişələr olmadıqda infrastruktur layihələrinə daha çox vəsait ayrılır. Burada söhbət dəhlizdən, limandan, həmin dəhlizlə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Ələt limanı)nı birləşdirən dəmir yolundan, bu dəmir yolunun Türkiyədə davamından və ümumi nəqliyyat şəbəkəsinə qoşulmasından gedir. İnfrastrukturla yanaşı, enerji sektoru da mühüm rol oynayır. Bu xətt üzərində yerləşməklə hətta müəyyən sadə istehsal sahələrinin formalaşması da mümkündür. Xətt boyunca əlavə dəyər yaradıb, sonra onu ixrac etmək imkanları yaranır. Çünki Azərbaycanda hazırda mürəkkəb istehsal sahələrinin inkişafı fiskal, monetar və mikroiqtisadi mühitlə bağlı çətinliklərlə üzləşir”.
Günel Əlili