00:00:00
Yazar
Nərmin Həşimova
03.07.2026 19:04 81 2 dəq oxuma
Siyasət

"Azərbaycan və Bolqarıstanın əməkdaşlığı regional təhlükəsizliyə töhfə verir"- ŞƏRH

"Azərbaycan və Bolqarıstanın əməkdaşlığı regional təhlükəsizliyə töhfə verir"- ŞƏRH

Azərbaycan ilə Bolqarıstan arasında hərbi əməkdaşlığın inkişafı istiqamətində növbəti mühüm addım atılıb. İki ölkənin Müdafiə nazirlikləri arasında 2026-cı il üçün təsdiqlənən ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində keçirilən "Orduda daxili təhlükəsizliyin təmin edilməsi üzrə işçi görüşü" tərəflər arasında təcrübə mübadiləsinin genişləndirilməsi və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Elmir Səftərov bildirib ki, Bolqarıstanın nümayəndə heyətinin ölkəmizə səfəri iki dövlət arasında hərbi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunun bariz göstəricisidir: 


“Ölkələrimizin müvafiq qurumları arasında keçirilən görüşlər, aparılan məsləhətləşmələr və sıx təmaslar əməkdaşlığın bütün istiqamətlər üzrə dinamik şəkildə inkişaf etdiyini nümayiş etdirir. Müdafiə sahəsində tərəfdaşlıq hər iki ölkənin təhlükəsizlik sistemlərinin modernləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, bu əlaqələr təkcə hərbi sahə ilə məhdudlaşmır. Azərbaycan və Bolqarıstan arasında formalaşan tərəfdaşlıq Qara dəniz və Xəzər regionlarının təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələr Azərbaycanın Şərqi Avropa və Balkanlarda mövqeyini gücləndirir, həmçinin regional əməkdaşlığın daha da genişlənməsinə töhfə verir”.


Siyasi şərhçi qeyd edib ki, belə qarşılıqlı səfərlər ölkələr arasında etimad mühitini daha da möhkəmləndirir:


“Məlumdur ki, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Bolqarıstanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu amil iqtisadi əməkdaşlığın artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini sübut edir. Qaz nəqli sahəsində formalaşan uğurlu iş birliyi öz əksini hərbi və təhlükəsizlik sahələrində də tapır. Azərbaycan ilə Bolqarıstan arasındakı münasibətlər çoxşaxəli strateji tərəfdaşlıq xarakteri daşıyır.
Bolqarıstanın Cənubi Qafqazda formalaşan yeni reallıqlara nümayiş etdirdiyi konstruktiv yanaşma bu reallıqların beynəlxalq səviyyədə qəbul olunmasına və regionda uzunmüddətli sabitliyin möhkəmlənməsinə fundamental töhfə verir".


Mehriban Yariyeva

#Azərbaycan #əməkdaşlıq #Bolqarıstan #səfər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər