“Azərbaycan-Qazaxıstan münasibətləri inkişaf edir”
Azərbaycan və Qazaxıstanın əməkdaşlığı bölgədə yeni güc balansı yarada bilərmi sualı biraz tərəddüd tələb edən cavabdır.
Məsələ ilə bağlı politoloq Həşim Səhrablı "İnformator.az"a açıqlamasında bildirib ki, bölgədəki reallıqlar o qədər ciddidir ki, həm Cənubi Qafqazı, həm də Mərkəzi Asiyaya kənardan çox ciddi müdaxilələr var:
"Onları da nəzərə aldığımızda görürük ki, Azərbaycan və Qazaxıstanın hazırda böyük imperialist qüvvələrə qarşı yeni güc mərkəzi yaratmaq imkanları azdır. Ancaq bu, demək deyil ki, gələcəkdə bu məsələlər alınmasın. Bunun üçün potensial var. Sadəcə bu potensialı zamanla daha doğru yönəldərək dəyərləndirməklə çox ciddi nəticələr əldə etmək olar. Bu nəticələrdən birincisi və ən vacibi də elə yeni güc mərkəzinin yaradılması istiqamətində addımlar atmaq olar. Digər bir tərəfdən isə Azərbaycan və Qazaxıstan onsuzda ikili münasibətlər kontekstində güc mərkəzi yaratmaq niyyətlərindən çıxış etmirlər. Yəni həm Qazaxıstan hakimiyyəti, həm Azərbaycan hakimiyyəti reallıqların fərqindədirlər və yaradılacaq güc mərkəzi Azərbaycan-Qazaxıstan güc mərkəzi şəklində formalaşdırılması məsələsi gündəmdə yoxdur. Türk dövlətləri təhsilatın nəznində yeni bir güc mərkəzinin formalaşdırılması üçün atılan addımlar var. Qazaxıstan və Azərbaycan da bu planlara əhəmiyyətli dərəcədə ciddi yanaşırlar, hər iki dövlət öz xarici siyasətinin prioritet məsələlərindən birinə çevrilib bu məsələni və düşünürəm ki, bu da zamanla artıq Azərbaycan və Qazaxıstanın deyil, digər türk dövlətlərinin də iştirakı ilə, əhəmiyyətli fayda verməsi ilə reallaşacaq və biz orta vadədə artıq türk dövlətləri təhsilatının yeni dünyəvi güc mərkəzi olması reallığının şahidi olacayıq".
Həmçinin ekspert vurğulayır ki, burada türk dövlətlərinin təkcə Azərbaycan-Qazaxıstan münasibətləri fonunda iki tərəfli şəkildə deyil, bir növdə ittifaq şəklində biz artıq müttəfiqə çevrilməsi reallığından danışırıq:
"Təbii, bu kontekstdə Azərbaycan-Qazaxıstan, Qazaxıstan-Türkiyə, Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan, Qazaxıstan-Özbəkistan və s. iki tərəfli münasibətlər də qurulacaq, inkişaf etdirələcək. İttifaq daxilində müttəfiq münasibətlər qurulması, bütün sahələri qapsayan xarici siyasət vektorlarını əhatə eləyən müttəfiqlik baş tutarsa, reallaşdırıla bilərsə, onda ikili kontekstdə də artıq ölkələr onsuz da bir-biri ilə müttəfiq sayılacaqlar. Yəni, Azərbaycan-Qazaxıstan münasibətləri burada rol model deyil. Azərbaycan-Qazaxıstan münasibətləri özü Azərbaycan-Türkiyə münasibətlərinin rol modelliyini örnək alaraq, bu siyasi xətdən çıxış edərək hazırlanmış, planlanan, həyata keçirilən bir siyasi addımdır.
Yəni rol model Azərbaycan-Türkiyə müttəfiqliyidir. İki türk dövləti və ya bütün türk dövlətləri bir araya gəlib daha güclü ordu, daha güclü iqtisadiyyat, daha yaxşı ehtiyat mühitini formalaşdıra bilər və bu da dünya siyasətində təmsilimiz üçün effektiv ola bilər. Azərbaycan-Qazaxıstan münasibətləri inkişaf edir, eləcə də Azərbaycan-Özbəkistan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-Türkmənistan münasibətləri inkişaf edir
və yaxud Qazaxıstan da eyni şəkillə Özbəkistanla, Qırğızıstanla, Türkmənistanla münasibətlərini inkişaf etdirməkdə maraqlıdır.
Ona görə də bütün bu münasibətlərin paralel şəkilləndiyini biz nəzərə aldıqda ortaya bir reallıq çıxır ki, əslində burada rol model Qazaxıstan-Azərbaycan münasibətləri deyil, Türkiyə-Azərbaycan münasibətləridir. Türkiyə-Azərbaycan münasibətləri özünü doğrultduğu üçün artıq bir rol modelə çevrildi və bu da bütün türk dövlətləri arasında həm ümumi, həm də ikili münasibətlərdə müttəfiq əlaqələri şərtləndirir və düşünürəm ki, gələcəkdə əlaqələr daha da inkişaf edəcək”.
Gülcan Salahova
