00:00:00
Yazar
Nigar Həsənzadə
12.11.2026 22:01 38 9 dəq oxuma
Professor Nəsir İmanquliyev dərsləri Özəl

Əbədi Müəllim: Nəsir İmanquliyevin izi ilə

Əbədi Müəllim: Nəsir İmanquliyevin izi ilə

Azərbaycan jurnalistikası tarixi boyu bir sıra parlaq simalar yetişdirmişdir. Bu simalar arasında elə şəxsiyyətlər vardır ki, onların adı yalnız müəyyən bir dövrlə məhdudlaşmır, bütöv bir mərhələnin, bir peşəkar məktəbin və milli mətbuat ənənələrinin rəmzinə çevrilir. Nəsir Əsəd oğlu İmanquliyev məhz belə nadir şəxsiyyətlərdəndir. O, XX əsrin ikinci yarısında Azərbaycan mətbuatının inkişafına, peşəkar jurnalist kadrlarının yetişdirilməsinə, milli mətbuatın etik və peşəkar standartlarının formalaşmasına müstəsna töhfələr vermiş görkəmli jurnalist, publisist, pedaqoq, alim və ictimai xadimdir. Onun ömür yolu sözə, həqiqətə və vətənə xidmətin canlı nümunəsidir. Bu gün də Bakı Dövlət Universitetində onun adını daşıyan layihələrin həyata keçirilməsi, xatirəsinin gənc nəsil arasında yaşadılması onun irsinin nə qədər dərin və yaşarı olduğunu bir daha sübut edir.

 

Nəsir İmanquliyev 1911-ci il dekabrın 22-də Bakı şəhərində anadan olmuşdur. Uşaqlıq və gənclik illəri Azərbaycanın sosial-siyasi həyatında mürəkkəb dəyişikliklər dövrünə təsadüf etmişdir. 1925–1926-cı illərdə Bakıda peşə məktəbini bitirmiş, 1926-cı ildə komsomol sıralarına qəbul olunmuşdur. Gənc yaşlarından mətbuata ciddi maraq göstərmiş, 1930-cu illərdə “Kommunist”, “Yeni yol”, “Gənc işçi” qəzetlərində ədəbi işçi, ədəbi şöbənin müdir müavini, şöbə müdiri, məsul katib və redaktor vəzifələrində çalışmışdır. Bu illər onun peşəkar formalaşmasının təməlini qoymuş, redaksiya işinin bütün incəliklərini mənimsəməsinə imkan yaratmışdır.

 

İkinci Dünya müharibəsi illəri Nəsir İmanquliyevin həyatında xüsusi bir mərhələ təşkil edir. 1942-ci ildə siyasi işçi kimi Krım cəbhəsinə göndərilmiş, orada “Vuruşan Krım” qəzetinin məsul katibi və hərbi hissədə tərcüməçi kimi fəaliyyət göstərmişdir. Cəbhə şəraitində mətbuatın çətinlikləri, operativ informasiya təminatı və mənəvi-psixoloji təsirin əhəmiyyəti onun peşəkar baxışlarını daha da dərinləşdirmişdir. Müharibədən sonra “Kommunist” qəzetində məsul katib vəzifəsində çalışmış, vətənpərvər ruhlu publisistik yazıları ilə diqqət çəkmişdir.

 

1947-ci ildən etibarən Nəsir İmanquliyevin həyatında yeni və daha uzunmüddətli bir mərhələ başlamışdır. Həmin ildən Bakı Dövlət Universitetində (o zamankı Azərbaycan Dövlət Universiteti) pedaqoji fəaliyyətə başlamış, 1948–1950-ci illərdə Filologiya fakültəsini qısa müddətdə və yüksək nəticələrlə bitirmişdir. Ömrünün 51 ilini Universitetin Jurnalistika fakültəsində, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, dosent və professor kimi keçirmişdir. Bu uzunmüddətli fəaliyyəti ilə o, Azərbaycan jurnalistika təhsilinin formalaşmasında, peşəkar kadrların hazırlanmasında və nəzəri bazasının yaradılmasında əvəzsiz rol oynamışdır.

 

1958-ci ildə onun təşəbbüsü və rəhbərliyi ilə “Bakı” axşam qəzeti nəşrə başlamışdır. 1963-cü ildən isə rus dilində “Baku” qəzeti də çıxmışdır. Nəsir İmanquliyev bu iki qəzetə təxminən 30 il baş redaktorluq etmişdir. O, eyni zamanda Azərbaycan Mədəniyyət Nazirliyinin Radiolaşdırma Baş İdarəsinin rəisi və Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışmışdır. 1976-cı ildə “Əməkdar mədəniyyət işçisi”, 1990-cı ildə isə “Əməkdar jurnalist” fəxri adlarına layiq görülmüşdür. 1998-ci il martın 7-də Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

 

Nəsir İmanquliyev Yusif bəy Sultanovun qızı Gövhər Sultanzadə ilə ailə həyatı qurmuş, bu evlilikdən yeganə övladı görkəmli şərqşünas alim Aida İmanquliyeva dünyaya gəlmişdir. Aida xanım Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın anasıdır. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Nəsir İmanquliyevin xatirəsi əbədiləşdirilmiş, yaşadığı binaya barelyef vurulmuşdur.

 

Nəsir İmanquliyevin yaradıcılığının və təşkilatçılıq fəaliyyətinin zirvəsi “Bakı” və “Baku” qəzetləri ilə bağlıdır. 1958-ci il yanvarın 10-da işıq üzü görən “Bakı” qəzeti qısa müddətdə oxucu rəğbətini qazanmış, tirajını əhəmiyyətli dərəcədə artırmışdır. Bu qəzet o dövrdə yalnız informasiya vasitəsi deyil, eyni zamanda gənc jurnalistlərin peşəkar məktəbi, ədəbi-publisistik laboratoriyası funksiyasını yerinə yetirmişdir.

 

Nəsir İmanquliyevin rəhbərliyi altında “Bakı” qəzeti bir sıra yeniliklərlə yadda qalmışdır. Qəzetin səhifələrində idman şərhləri, beynəlxalq hadisələrə operativ münasibət, rəsmi və qeyri-rəsmi tədbirlərdən birbaşa reportajlar sistemli şəkildə yer almışdır. Ana dilinin bütün incəlikləri ilə işıq üzü görən, orfoqrafiya və üslub qaydalarına ciddi riayət edən bu nəşr oxucuya yüksək peşəkarlıq nümunəsi təqdim etmişdir. “Baku” qəzeti isə rusdilli auditoriya üçün eyni prinsiplərlə fəaliyyət göstərmiş, iki dildə paralel nəşr təcrübəsi ilə diqqət çəkmişdir.

 

Nəsir İmanquliyev qəzeti şəhərin aynasına çevirməyi bacarmışdır. O, Bakının sosial, mədəni və ictimai həyatını əks etdirən materiallara xüsusi diqqət yetirmiş, qəzeti yalnız rəsmi məlumat orqanı deyil, oxucunun gündəlik həyatının tərkib hissəsinə çevirmişdir. Onun redaktorluq üslubu sərt, tələbkar, lakin eyni zamanda yaradıcı və himayədar xarakter daşımışdır. Redaksiyada işləyən gənc jurnalistlər üçün o, həm rəhbər, həm müəllim, həm də mənəvi dayaq olmuşdur. Bu gün də bir çox tanınmış jurnalistlər öz peşəkar formalaşmalarını məhz “Bakı” qəzeti ilə, Nəsir müəllimin məktəbi ilə bağlayırlar.

 

Nəsir İmanquliyevin Azərbaycan jurnalistikasına ən böyük xidmətlərindən biri peşəkar jurnalistika məktəbinin formalaşdırılmasıdır. O, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə kimi maarifçi-jurnalistlərin ənənələrini XX əsrin reallıqları ilə uzlaşdırmağı bacarmışdır. Onun üçün jurnalistika yalnız peşə deyil, missiya idi. O, tələbələrinə və əməkdaşlarına daim “Jurnalist dəqiq, qərəzsiz və vicdanlı olmalıdır” prinsipini aşılamışdır.

 

Universitetdə 51 illik pedaqoji fəaliyyəti ərzində o, yüzlərlə gənc jurnalistin yetişməsində bilavasitə iştirak etmişdir. Onun dərsləri yalnız nəzəri biliklərlə məhdudlaşmamış, tələbələri redaksiya təcrübəsinə cəlb etmiş, onları real peşəkar mühitdə formalaşdırmışdır. Bu baxımdan Nəsir İmanquliyev nəzəriyyə ilə təcrübənin vəhdətini təmin edən pedaqoq kimi yadda qalmışdır.

 

Bu gün Bakı Dövlət Universitetində “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin həyata keçirilməsi onun elmi-pedaqoji irsinin aktuallığını bir daha təsdiq edir. 2026-cı ildə professorun anadan olmasının 115 illiyinə həsr olunmuş bu layihə BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə həyata keçirilmişdir. Layihənin əsas məqsədi Nəsir İmanquliyevin zəngin jurnalistika və pedaqoji irsini gənc nəslə tanıtmaq, tələbələrin nəzəri biliklərini praktiki təcrübə ilə zənginləşdirmək olmuşdur. Aprel və may aylarını əhatə edən layihə çərçivəsində həftədə bir dəfə 90 dəqiqəlik mühazirələr təşkil edilmiş, 300-dən çox tələbənin bu dərslərdən faydalanması nəzərdə tutulmuşdur.

 

Layihənin beş görüşündə müxtəlif media nümayəndələri, tanınmış jurnalistlər və yazıçı-publisistlər tələbələrlə öz təcrübələrini bölüşmüşlər. Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, Əməkdar jurnalist Dağbəyi İsmayılov Nəsir İmanquliyevlə bağlı xatirələrini bölüşərək onun tələbələrə münasibətindən, jurnalistikaya gətirdiyi yeniliklərdən və milli mətbuat tarixindəki rolundan danışmış, professorun formalaşdırdığı prinsiplərin müasir media üçün də əhəmiyyətini qoruduğunu vurğulamışdır.

 

Yazıçı-publisist İlqar Rəsul Nəsir İmanquliyevin jurnalistika məktəbinin bu gün də yaşadığını və tanınmış peşəkar jurnalistlərin böyük əksəriyyətinin həmin məktəbin yetirmələri olduğunu qeyd etmiş, peşəkarlığın yazı ilə ölçüldüyünü, jurnalistin əsas vəzifəsinin fakta xidmət etmək olduğunu vurğulamışdır.

 

Əməkdar jurnalist Flora Xəlilzadə Nəsir İmanquliyevi tələbələrin dostu, nəcib insan, dəyərli professor və əsl jurnalist kimi xarakterizə etmiş, onun sovet dövrünün qadağalarına baxmayaraq tələbələrə milli mətbuatı aşıladığını, “Bakı” və “Baku” qəzetlərinin tələbələrin ilk yaradıcılıq emalatxanasına çevrildiyini bildirmişdir. Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə tələbəlik illərində Nəsir İmanquliyevdən dərs aldığını xatırlatmış, onun yalnız böyük pedaqoq deyil, həm də milli mətbuat tarixində yeniliklərə imza atan görkəmli redaktor olduğunu, “525-ci qəzet”dəki bir sıra ənənələrin əsasının da məhz Nəsir İmanquliyev tərəfindən qoyulduğunu qeyd etmişdir.

 

Layihənin açılış və bağlanış mərasimlərində BDU-nun professor-müəllim heyəti də çıxış etmişdir. Professor Cahangir Məmmədli Nəsir İmanquliyevi Azərbaycanda peşəkar jurnalistlər nəslinin müəllimi, “Bakı” və “Baku” qəzetlərinin yaradıcısı və redaktoru kimi xarakterizə etmiş, onun 51 il Jurnalistika fakültəsində çalışdığını vurğulamışdır. Professor Akif Rüstəmov Nəsir müəllimi mətbuatın klassiki adlandırmış, onun yaxşı tələbələrə daim dəstək olduğunu, hətta maddi çətinlik çəkən tələbələrə yazı yazmaq imkanı yaratmaqla onların kirayə xərclərini qarşılamağa kömək etdiyini qeyd etmişdir. Professor Qulu Məhərrəmli onu ilk növbədə şəxsiyyət nümunəsi, dürüstlük və mənəviyyatın daşıyıcısı, Azərbaycan jurnalistikası üçün ləyaqət və ciddiyyət simvolu kimi təqdim etmişdir. Dosent Xatirə Hüseynova Nəsir müəllimin tələbələrinə baba nəvazişi ilə yanaşdığını, mürəkkəb mövzuları sadə və anlaşıqlı şəkildə izah etdiyini bildirmişdir.

 

Nəsir İmanquliyevin şəxsiyyəti yalnız bioqrafik faktlar və rəsmi vəzifələrlə ölçülə bilməz. Onun ömrü sözə, həqiqətə və vətənə xidmətin dərin fəlsəfəsini özündə ehtiva edir. Redaksiya otağında gecənin bir vaxtı material üzərində işləyən, tələbəsinə xəbərdəki bir sözün yerini dəqiqləşdirən, qəzetin tirajını və oxucu rəğbətini artırmaq üçün yorulmadan çalışan bu adam, sanki özünü mətbuatın özünə həsr etmişdi. O, “Mənim iki evim, iki ailəm var. Biri öz ailəm, digəri ‘Bakı’ qəzetinin redaksiyasıdır, hər ikisi mənə doğma və əzizdir” deyərkən, peşəsinə olan sədaqətini ən səmimi şəkildə ifadə etmişdir.

 

Onun qələmindən çıxan hər sətir milli ruhun, vətənpərvərliyin və peşəkarlığın vəhdəti idi. Müharibə illərinin çətinliyindən keçib gələn, universitet kafedrasında dərs deyən, axşam qəzetinin baş redaktoru kimi şəhərin nəbzini tutan Nəsir İmanquliyev sözün həqiqi mənasında “sözün səngərində” dayanan ziyalı idi. O, heç vaxt asan yolu seçməmiş, rahat kabinetləri deyil, çətin, lakin şərəfli yolu – “Bakı” qəzetini yaratmağı və ona rəhbərlik etməyi üstün tutmuşdur.

 

Nəsir İmanquliyevin şəxsiyyətində sərtliklə mərhəmət, tələbkarlıqla qayğı, peşəkarlıqla vətənpərvərlik vəhdət təşkil etmişdir. Tələbələri onu həm ciddi müəllim, həm də mənəvi dayaq kimi xatırlayırlar. Onun auditoriyası təkcə universitetdəki tələbələrlə bitmirdi. “Bakı”nın oxucuları sanki onun şəxsi sinfi idi. Hər səhər qəzeti açanda insanlar yalnız xəbər oxumurdular; Nəsir müəllimin ruhunu, onun xəbərlərə verdiyi milli rəngi və etik mövqeyi hiss edirdilər.

 

Bu gün “Professor Nəsir İmanquliyev dərsləri” layihəsində səslənən fikirlərin ortaq məğzi də məhz bundan ibarətdir: Nəsir İmanquliyev Azərbaycan jurnalistikasında yalnız redaktor və pedaqoq kimi deyil, həm də milli mətbuat ənənələrini qoruyan, tələbələrə peşəkarlıqla yanaşı, mənəvi dəyərlər aşılayan şəxsiyyət kimi xatırlanır. O, tələbələrinə yalnız jurnalistikanı deyil, haqq və ədalət anlayışlarını, yaxşı insan olmağın prinsiplərini də öyrətmişdir.

 

Nəsir İmanquliyevin irsi bu gün də yaşayır. Onun yaratdığı peşəkarlıq məktəbi, qoyub getdiyi prinsiplər müasir jurnalistika üçün də aktualdır. İnformasiya bolluğu, dezinformasiya və sürətli xəbər axını dövründə onun “dəqiq, qərəzsiz və vicdanlı ol” çağırışı daha da əhəmiyyət kəsb edir.

 

Layihənin ikinci mərhələsi olaraq tələbələr arasında məqalə müsabiqəsinin elan edilməsi də onun irsinin yaşadılmasının konkret nəticəsidir. Gənc jurnalistlər Nəsir İmanquliyevin həyat və yaradıcılığına, jurnalistika irsinə həsr olunmuş yazılar yazaraq özlərini bu böyük məktəbin davamçıları kimi hiss edirlər. Bu, sadəcə yubiley tədbiri deyil, canlı ənənənin davamıdır.

 

Bu gün gənc jurnalistlər Nəsir İmanquliyevin barelyefini görüb keçəndə, onun haqqında danışılan xatirələri dinləyəndə və “Bakı” qəzetinin köhnə nömrələrini vərəqləyəndə, sanki o hələ də oradadır – sakitcə gülümsəyir və deyir: “Yazın, amma vicdanla yazın…” Bu, onun ən böyük abidəsidir.

 

Nəsir İmanquliyev Azərbaycan jurnalistikası tarixində silinməz iz qoymuş şəxsiyyətdir. O, həm praktik jurnalist, həm nəzəriyyəçi alim, həm də böyük pedaqoq kimi milli mətbuatın inkişafına xidmət etmişdir. Onun yaratdığı “Bakı” məktəbi, yetişdirdiyi jurnalistlər nəsli və qoyub getdiyi prinsiplər bu gün də öz aktuallığını saxlayır. Nəsir İmanquliyevin ömür yolu sübut edir ki, həqiqi jurnalist yalnız hadisələri qələmə alan deyil, eyni zamanda cəmiyyətin vicdanı, həqiqətin keşikçisi və gələcək nəsillərin müəllimidir.

 

Onun xatirəsi hər dəfə bir gənc jurnalist vicdanla yazanda, hər dəfə milli mətbuatımızın peşəkarlığı yüksələndə, hər dəfə Bakı Dövlət Universitetində onun adını daşıyan bir dərs keçiriləndə yenidən canlanır. Bu isə ən böyük və ən əbədi abidədir. Nəsir İmanquliyev getdi, amma onun sözü, məktəbi və ruhu qaldı. Və bu ruh milli mətbuatımızın nurlu səhifələrində, gənc jurnalistlərin qələmlərində və ürəklərində yaşamaqda davam edir.

 

Ruslan Gülüşov

#xəbər #i̇manquliyevin #nəsir #müəllim:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər