00:00:00
Yazar
Mayıl Soltan
30.06.2026 19:59 43 2 dəq oxuma
Siyasət

Beynəlxalq Parlamentarizm Günü və Azərbaycan Parlamenti

Beynəlxalq Parlamentarizm Günü və Azərbaycan Parlamenti

Bu gün 30 İyun - Beynəlxalq Parlamentarizm Günüdür. 1889-cu ildə Parlamentlərarası İttifaqın yaradılması şərəfinə qeyd olunan bu əlamətdar gün demokratiya və idarəetmədə parlamentlərin həlledici rolunu vurğulayır. Azərbaycan parlamenti də məhz bu missiyaya sadiq qalaraq dövlətçiliyimizin möhkəmləndirilməsi, demokratik standartların qorunması istiqamətində fəaliyyətini uğurla davam etdirir. Parlamentin həyata keçirdiyi qanunvericilik, diplomatiya fəaliyyəti ölkəmizin milli maraqlarının beynəlxalq müstəvidə qətiyyətlə müdafiə olunmasına xidmət edir.

 

Məhz biz də bu günlə əlaqədar olaraq Azərbaycan Parlamentinin önəmi və ölkəmiz üçün əhəmiyyətini oxucularımıza çatdırmaqdan ötəri saullarımızı deputat Ceyhun Məmmədova ünvanladıq.

 

"İnformator.az" xəbər saytına müsahibəsində deputat Ceyhun Məmmədov Azərbaycan Parlamentinin mühüm funksiyaya malik olduğu bildirib:

 

"Azərbaycan parlamenti ölkə hakimiyyətinin dörd qolundan biri olaraq qanunvericilik orqanı kimi mühüm funksiyalar yerinə yetirir. Parlament qanunların qəbul edilməsində və ölkənin qanunvericilik bazasının zənginləşdirilməsində fəal iştirak edir. Bu gün Azərbaycan parlamenti demokratik standartlara cavab verir və aparılan müzakirələr, səsləndirilən fikirlər, qəbul edilən qanunlar, ölkəmizin bu standartlara sadiqliyini bir daha təsdiq edir. Bundan əlavə, Parlament, öz növbəsində, parlament diplomatiyası imkanlarından istifadə edərək ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində qarşısına qoyulan vəzifələri yüksək səviyyədə icra edir".

 

Deputat Parlamentlə bağlı ölkəmizdə keçirilən mühüm tədbirlərdən də bəhs edib:

 

"Ölkəmizdə müxtəlif beynəlxalq parlament tədbirləri keçirilir. Bir neçə gün əvvəl Səmimi Əməkdaşlıq Təşkilatının təşəbbüsü ilə Bakıda parlament ittifaqının mötəbər bir tədbiri baş tutdu. Azərbaycan bir neçə beynəlxalq parlament ittifaqına rəhbərlik edir və davamlı olaraq xarici səfərlər, müxtəlif parlamentlərarası müzakirələr vasitəsilə diplomatik əlaqələrini gücləndirir. Qanunvericilik fəaliyyətinə gəldikdə, Milli Məclis müasir çağırışlara uyğun olaraq mütəmadi şəkildə yeni qanunlar qəbul edir. Son dövrlərdə informasiya təhlükəsizliyi ilə bağlı çox vacib qərarlar qəbul edilib və uşaqların hüquqlarını qoruyan qanunvericilik bazası təkmilləşdirilib. Bir çox yeni qanun layihələri üzərində işlər davam edir, o cümlədən bu istiqamətdə ardıcıl addımlar atılır".

 

Son olaraq müsahibimiz parlamentin nailiyyətlərini cənab prezidentin rəhbərliyi altında növbəti bir uğur kimi qiymətləndirir: 

 

"Bütün bunlar dövlətimizin həyata keçirdiyi parlament diplomatiyasının, cənab prezidentin rəhbərliyi altında növbəti bir uğuru kimi qiymətləndirilməlidir. Bu gün Azərbaycan parlamenti üzərinə düşən missiyanı şərəf və ləyaqətlə yerinə yetirərək dövlətimizin maraqları çərçivəsində inkişafını təmin edir",-deyə o, fikirlərini yekunlaşdırıb. 

 

Mayıl Soltanov 

 

#azərbaycan #parlamentarizm #beynəlxalq #parlamenti
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər