Beyrutda bir sərnişinin "partlayıcı" zarafatına görə təyyarə təxliyə edilib
Livanın paytaxtı Beyrutda Parisə yola düşməyə hazırlaşan təyyarə sərnişinlərdən birinin əl baqajında partlayıcı maddə olduğunu iddia etməsindən və bunun zarafat olduğunu açıqlamasından sonra təxliyə edilib. "Al Modon" qəzetinin məlumatına görə, Beyrut Rafiq Həriri Beynəlxalq Hava Limanında Beyrutdan Parisə uçmalı olan "Middle East Airlines" (MEA) aviaşirkətinin reysində təhlükəsizlik xəbərdarlığı edilib.
Həyat yoldaşı ilə birlikdə təyyarəyə minən bir sərnişindən əl çantasını yuxarı hissəyə qoyması istənilib, lakin o, içində partlayıcı maddə olduğu üçün bunu edə bilməyəcəyini söyləyib.
Sərnişin sonradan zarafat etdiyini bildirsə də, onun ifadəsi potensial təhlükəsizlik təhdidi kimi şərh edilib və o həyat yoldaşı ilə təyyarədən çıxarılıb. Bütün sərnişinlər təyyarədən təxliyə edilib və onların baqajları hərtərəfli yoxlama üçün yenidən yoxlanılıb.
Axtarışlar zamanı sərnişinin çantasında və ya təyyarədə partlayıcı qurğu aşkar edilməyib.
Sərnişin dindirilməsi və lazımi hüquqi prosedurların həyata keçirilməsi üçün müvafiq təhlükəsizlik bölmələrinə təhvil verilib.
TRT HABER
LALƏ QAFAROVA