00:00:00
Yazar
Ayan Sadi
12.11.2026 22:58 29 2 dəq oxuma
Gündəm

Birinci Türkoloji Qurultayda yarımçıq qalan elmi tədqiqatlar bu gün davam etdirilir

Birinci Türkoloji Qurultayda yarımçıq qalan elmi tədqiqatlar bu gün davam etdirilir

 

 

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan beynəlxalq elmi konfransda türk xalqlarının incəsənəti, tarixi, folkloru və mədəni irsinin araşdırılması məsələləri müzakirə edilib. Konfransda səsləndirilən fikirlər bir əsr əvvəl müəyyənləşdirilən elmi istiqamətlərin müasir dövrdə də əhəmiyyətini qoruduğunu göstərir.

 

Mövzu ilə bağlı türkoloq-tarixçi Faiq Ələkbərli “İnformator.az”a açıqlamasında bildirib ki, Birinci Türkoloji Qurultayda müəyyənləşdirilən elmi istiqamətlər türk xalqlarının inkişafında mühüm rol oynayıb. Onun sözlərinə görə, həmin dövrdə tarix, mədəniyyət və incəsənət sahəsində aparılan araşdırmaların bir qismi sovet ideologiyasının maraqları səbəbindən yarımçıq qalıb:

 

“Türkologiyanın inkişafı türk xalqlarının istədiyi istiqamətdə sovet ideologiyasına sərf etmirdi. Ona görə də araşdırmaların başqa istiqamətlərə yönəldilməsinə çalışılırdı. Beləliklə, türkologiyanın inkişafı bizim üçün yarımçıq qaldı. Ancaq həmin dövrdə atılan addımlar bu gün üçün zəmin rolunu oynadı”.

 

Faiq Ələkbərli qeyd edib ki, hazırda həmin elmi istiqamətlərin folklor, mədəniyyət, incəsənət, tarix və fəlsəfə sahələrində yenidən araşdırılması müsbət haldır.

 

Türkoloq Birinci Türkoloji Qurultayın 100 illiyi çərçivəsində aparılan tədqiqatların gələcək nəsillərə çatdırılmasının vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, qurultay dövründə Bakı, Aşqabad, Daşkənd, Ankara və Kazan kimi şəhərlərdə türk xalqlarının fəlsəfəsi, tarixi, mədəniyyəti və folkloru ilə bağlı ciddi araşdırmalar aparılıb. Bu gün müstəqil türk dövlətləri həmin yarımçıq qalmış elmi işləri daha da genişləndirirlər.

 

Faiq Ələkbərli bildirib ki, Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Əhməd Cavad və digər görkəmli şəxsiyyətlərin qoyduğu irsin davam etdirilməsi Türk dünyasının birliyi baxımından mühüm əhəmiyyət daşıyır:

 

“Cənab Prezident İlham Əliyevin dediyi kimi, bizim bir ailəmiz var, o da Türk dünyasıdır. Biz əcdadlarımızın bizə buraxdığı mirası bu gün davam etdiririk. Bu, bizim üçün böyük fəxr və qürurdur. Onlar bizə bir irs qoyublar, biz də həmin irsi gələcək nəsillərə çatdırmağa çalışırıq. Gələcək nəsillər də bizim irsimizdən faydalanaraq türk xalqlarının birliyini davam etdirəcəklər”.

 

 

Aytən Əhmədova

#xəbər #gündəm #etdirilir #türkoloji #qalan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər