Konqresmenlər Pit Heqsethə qarşı impiçment təşəbbüsünü rədd ediblər
ABŞ Konqresində müdafiə naziri Pit Heqsethə qarşı impiçment prosedurunun başlanması ilə bağlı təşəbbüs irəli sürülsə də, bu cəhd nəticəsiz qalıb. Konqresmenlər təşəbbüsü rədd edərək Heqsethə qarşı impiçment prosesinin başlanmasına dəstək verməyiblər.
Mövzu ilə bağlı siyasi şərhçi Müşfiq Abdulla “İnformator.az”a açıqlamasında bildirib ki, hazırda Pit Heqseth ABŞ-da ən çox tənqid olunan siyasətçilərdən birinə çevrilib. Onun sözlərinə görə, Heqseth yalnız demokratlar tərəfindən deyil, hakim elita daxilində, o cümlədən respublikaçılar arasında da tənqid olunur və ona münasibət birmənalı deyil:

“Düzdür, əvvəlcə onu günahkar adlandırdılar və tezliklə istefaya göndəriləcəyinə dair məlumatlar yayıldı. Hətta Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp belə iqtisadi seçkilərdə, məğlubiyyətin əsas səbəbinin məhz İranla müharibə olduğunu deyib. Vitse-prezident Ceyms Devid Vens də bu müharibənin seçkilərdə məğlubiyyətə gətirib çıxardığını söyləyib. Bütün bunlara baxmayaraq, Pit Heqseth vəzifəsində qaldı. Yəni ona qarşı impiçment məsələsi qəbul edilmədi”.
Siyasi şərhçi bildirib ki, hazırda Konqresin hər iki palatasında respublikaçıların üstünlük təşkil etməsi müdafiə nazirinin vəzifəsində qalmasına imkan verən əsas amillərdən biri olub:
"Pit Heqsethin istefaya göndərilməsi Donald Trampın və bütövlükdə administrasiyasının siyasi imicinə zərbə vura, bu addım müharibədə uğursuzluğun etirafı kimi qiymətləndirilə bilərdi. ABŞ dövlət katibi Marko Rubio da Heqsethin vəzifədən uzaqlaşdırılmasının əleyhinə çıxış edib. Rubio müdafiə nazirinin tənqid edilməsinə və istefaya göndərilməsinə qarşı olduğunu bildirib, eyni zamanda müharibədə ciddi uğurlar əldə edildiyini vurğulayıb".
Müşfiq Abdullanın sözlərinə görə, Pit Heqsethin impiçmenti məsələsində müəyyən ziddiyyətlər var. Onun fikrincə, müdafiə nazirinin vəzifədən uzaqlaşdırılması bir tərəfdən Donald Trampın ictimai rəydə formalaşmış məğlub obrazından uzaqlaşmasına imkan verə bilərdi:
"Bu qərar müharibədəki uğursuzluğa görə məsuliyyətin etirafı kimi qiymətləndirilə bilər. Pit Heqseth vəzifəsində uzun müddət qalmayacaq. Onun ehtimalına görə, İrana qarşı növbəti hərbi əməliyyatlar keçirilərsə və bu əməliyyatlar noyabr-dekabr aylarına təsadüf edərsə, proses müdafiə nazirinin rəhbərliyi altında həyata keçiriləcək. Siyasi şərhçi yanvar ayından sonra, demokratların hakimiyyətə gəlməsi ilə müdafiə nazirinin dəyişdirilə və başqa şəxslə əvəz oluna biləcəyini də istisna etmir".
Aysun Xəlilova