Regionlararası əməkdaşlıq: Azərbaycan-Gürcüstan regionlararası əməkdaşlığı müzakirə edilib
Azərbaycan və Gürcüstanın regionları arasında iqtisadi, sosial və mədəni əlaqələrin genişləndirilməsi, eləcə də birgə əməkdaşlıq imkanları müzakirə olunub. Görüşdə regional tərəfdaşlığın inkişaf perspektivləri diqqət mərkəzində olub.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycan və Gürcüstan müstəqillik əldə etdikləri dövrdən etibarən sıx dostluq münasibətlərinə malikdirlər:
“Ölkələr arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Nəzərə almaq lazımdır ki, Azərbaycanın bir sıra böyük beynəlxalq layihələri məhz Gürcüstan ərazisindən keçir. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, Cənubi Qafqaz Boru Kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri Gürcüstan üzərindən həyata keçirilib. Bundan əlavə, Bakı-Supsa neft kəməri də fəaliyyət göstərir”.
Politoloq qeyd edib ki, bunlar Gürcüstanın strateji əhəmiyyətini artırmaqla yanaşı, bu ölkə üçün əlverişli iqtisadi imkanlar yaradır:
“Belə ki, Gürcüstan qeyd olunan tranzit xətlərindən əhəmiyyətli gəlirlər əldə edir.
Bundan başqa, ölkələrimiz arasında münasibətlər çətin dövrlərdə də sınaqdan çıxıb. 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsi zamanı Azərbaycan bu ölkənin enerji təminatına dəstək göstərərək, xüsusilə soyuq qış aylarında Gürcüstanın istilik və enerji ehtiyaclarının qarşılanmasına töhfə verib”.
Politoloq vurğulayıb ki, Azərbaycan və Gürcüstan arasında nəqliyyat-logistika və enerji sahələrində ciddi əməkdaşlıq mövcuddur və bu münasibətlər sürətlə inkişaf edir:
“Eyni zamanda, qarşılıqlı investisiyalar həyata keçirilir. Xüsusilə Azərbaycan şirkətləri Gürcüstanda mühüm layihələr reallaşdırır. SOCAR-ın bu ölkədə həyata keçirdiyi layihələr də buna nümunədir. Azərbaycan şirkətləri Gürcüstanın infrastruktur layihələrinin həyata keçirilməsində də fəal iştirak edirlər. Bütün bunlar Cənubi Qafqazda tərəfdaşlığın, əməkdaşlığın və sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verir”.
Aydın Quliyev müsahibəsində bildirib ki, əməkdaşlıq yalnız dövlətlərarası münasibətlərlə məhdudlaşmırEyni zamanda, hər iki ölkənin şirkətləri qarşılıqlı investisiyalar yatırır və müxtəlif layihələr həyata keçirirlər:
“Azərbaycan şirkətləri Gürcüstanda enerji, nəqliyyat, turizm, otelçilik və digər sahələrə ciddi investisiyalar yönəldir, ölkənin infrastruktur layihələrində iştirak edirlər.
Gələcək perspektivlərə gəldikdə isə demək olar ki, Azərbaycan-Gürcüstan münasibətləri yüksələn xətlə inkişaf edir. Qarşıdakı dövrdə zamanın tələblərinə uyğun yeni layihələrin həyata keçirilməsi gözlənilir. Bu layihələrə yüksək texnologiyalar sahəsində əməkdaşlıq, eləcə də Azərbaycan və Orta Asiyanın yaşıl enerji dəhlizinin yaradılması daxildir”.
Oqtay Quliyevin sözlərinə görə, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanmış razılaşmaya əsasən, Azərbaycanda, həmçinin gələcəkdə Orta Asiyada istehsal olunacaq yaşıl enerjinin Gürcüstan ərazisindən keçməklə Qara dənizin dibi ilə Avropaya çatdırılması nəzərdə tutulur:
“Beləliklə, Azərbaycan-Gürcüstan münasibətləri Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır və regionda tərəfdaşlığın inkişafı üçün möhkəm təməl təşkil edir”,- deyə politoloq əlavə edib.
Nuray Dadaşzadə