Qərbə inteqrasiya siyasəti - Ermənistan KTMT-dən uzaqlaşıb
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bütün orqanlarında səsvermə hüququndan məhrum edilməsi ölkənin təşkilatla münasibətlərini yenidən gündəmə gətirib. Ermənistan 2024-cü ildə KTMT-də iştirakını dondurduğunu elan etsə də, rəsmi olaraq üzvlüyünü davam etdirir.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra ölkənin xarici siyasətində Rusiyanın platformalarından uzaqlaşmaq və Qərbə inteqrasiya istiqaməti ön plana çıxıb:
“Paşinyan ABŞ-nin diplomatik korpusunun və Soros Fondunun maliyyə dəstəyi ilə hakimiyyətə gətirilib. O, ABŞ qarşısında müəyyən öhdəlik götürüb və bu öhdəliyi yerinə yetirməkdədir. Əsas məqsəd Rusiyanın platformalarından uzaqlaşmaq və Qərbə inteqrasiya etməkdir. Paşinyan bunu açıq şəkildə bəyan edir”.
Politoloqun sözlərinə görə, Ermənistanın KTMT-dən uzaqlaşmaq siyasətində 44 günlük Vətən müharibəsindən sonra yaranmış narazılıqlar da əsas gətirilir. Ermənistan tərəfi həmin dövrdə təşkilatın onu müdafiə etməli olduğunu iddia edib. Azad Məsiyev hesab edir ki, Paşinyan bu narazılıqdan KTMT-nin fəaliyyətini boykot etmək üçün istifadə edir.
Politoloq qeyd edib ki, Ermənistanın təşkilatın tədbirlərində iştirak etməməsi, üzvlük haqlarını ödəməməsi və qərarlarını icra etməməsi faktiki olaraq KTMT-dən uzaqlaşdığını göstərir:
“KTMT-nin nizamnaməsinə əsasən, təşkilatın tədbirlərində müntəzəm iştirak edilməlidir. Ermənistan isə nə üzvlük haqqını ödəyir, nə də təşkilatın qərarlarını icra edir. Təlimlərdə də iştirak etmir. Bu, faktiki olaraq təşkilatdan çıxmaq deməkdir. Hüquqi baxımdan çıxmaq üçün müvafiq qərar lazımdır. Səsvermə hüququndan məhrum edilməsi də Ermənistanın təşkilatdan uzaqlaşdırılması istiqamətində atılan addımdır”.
Azad Məsiyevin fikrincə, Paşinyanın növbəti məqsədi Ermənistanı Avropa İttifaqına inteqrasiya etdirmək, daha sonra isə NATO-ya daxil etməkdir. Bunun üçün ölkənin digər hərbi bloklarda iştirakına son qoyulması vacibdir.
Politoloq bildirib ki, Kreml Paşinyanın bu addımlarını diqqətlə izləyir və baş verənlərə biganə qalmayacaq. Onun sözlərinə görə, Rusiya Prezidenti Ermənistanı Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim qarşısında qoyub:
“İki masada əyləşmək olmaz. Ya Avropa İttifaqını seçməlisən, ya da Avrasiya İqtisadi İttifaqını. Ermənistan Avropa İttifaqına inteqrasiya etməkdə qərarlıdır. Lakin ölkənin Avrasiya İqtisadi İttifaqından iqtisadi asılılığı var. Buna görə də hələlik bu təşkilatdan çıxmaq niyyətində deyil və manevr edir”.
Politoloqun sözlərinə görə, Ermənistan gələcəkdə təkcə KTMT-dən deyil, Avrasiya İqtisadi İttifaqı və Müstəqil Dövlətlər Birliyi kimi platformalardan da uzaqlaşmaq niyyətindədir. Lakin iqtisadi asılılıq bu prosesi mərhələli şəkildə həyata keçirməsinə səbəb olur.

Aytən Əhmədova