BMT İranı nüvə öhdəliklərini pozmaqda ittiham edib
Yaxın Şərqdə gərginlik artmaqda davam edir. Birləşmiş Millətlər Təşkilatının nüvə nəzarət qurumu – Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) İranı nüvə üzrə öhdəliklərini pozmaqda rəsmi şəkildə ittiham edib. Bu addımdan sonra Tehran bir sıra əks-tədbirlər görəcəyini açıqlayıb.
Agentliyin son hesabatına görə, İran son 20 ildə ilk dəfə olaraq nüvə silahlarının yayılmaması üzrə öhdəliklərini pozub. Tehranın cavabı sərt olub: yeni uran zənginləşdirmə obyektinin inşası və Fordow nüvə obyektində daha müasir sentrifuqaların quraşdırılması planlaşdırılır. Bu tədbirlər zənginləşdirilmiş uran istehsalını əhəmiyyətli dərəcədə artıracaq.
Bu hadisələr ABŞ və İran arasında Oman Sultanlığında bazar günü keçirilməsi planlaşdırılan altıncı raund nüvə danışıqları ərəfəsində baş verir. Oman rəsmiləri danışıqların artan təhlükəsizlik riskləri fonunda keçiriləcəyini təsdiqləyiblər. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bölgədə artan təhlükəyə görə Amerika personalının geri çəkilə biləcəyini bəyan edib.
IAEA rəsmisi bildirib ki, İran yeni obyekt haqqında agentliyi məlumatlandırsa da, onun dəqiq yerləşdiyi yer barədə heç bir məlumat təqdim etməyib. İran rəsmiləri isə öz növbəsində, Atom Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində zənginləşdirməyə sadiq olduqlarını bəyan edib və hücum ediləcəyi təqdirdə hərbi cavaba tam hazır olduqlarını vurğulayıblar.
Xatırladaq ki, Tramp administrasiyası 2015-ci il nüvə sazişindən ABŞ-ni geri çəkilib. Tramp son açıqlamasında danışıqların nəticə verməyəcəyi təqdirdə əlavə tədbirlər görüləcəyini istisna etməyib və İranın yalnız sanksiyalar qaldırılacağı təqdirdə zənginləşdirməni dayandıracağını bildirib.
ANEWZ
Gülhüseynova Güllər