Buryatiya hərəkatının liderlərindən Aleksandr Boloxoyev ABŞ-də saxlanılıb
Rusiyanın Buryatiya bölgəsindən olan müstəqillik hərəkatının tanınmış üzvlərindən Aleksandr Boloxoyev ABŞ-də saxlanılıb.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a bildirib ki, Aleksandr Boloxoyevin saxlanılması və deportasiya riski ABŞ-nin Rusiya ilə münasibətlərində taktiki diplomatik gediş kimi də dəyərləndirilə bilər:
“Hazırkı geosiyasi şəraitdə Buryatiya məsələsi ABŞ üçün əsas prioritetlərdən biri deyil. Əgər Vaşinqton Rusiya ilə müəyyən sahələrdə, xüsusən də Latın Amerikası və enerji məsələlərində yumşalma əldə etmək istəyirsə, bu halda Boloxoyevin işi bir növ siyasi jest kimi istifadə oluna bilər. Yəni, ABŞ Rusiyaya göstərmək istəyir ki, biz federativ quruluşunuza təhlükə yaradan separatçı hərəkatları dəstəkləmirik. Boloxoyevin deportasiyası Rusiya Federasiyasının ərazi bütövlüyünə hörmət mesajı kimi də şərh oluna bilər. “İnsan hüquqları prinsiplərinə zidd bir qərar ola bilər” ABŞ kimi özünü demokratiyanın və insan haqlarının beşiyi adlandıran bir ölkənin bu addımı beynəlxalq hüquq və humanitar normalar baxımından ciddi suallar doğurur. Boloxoyevin deportasiyası həm beynəlxalq humanitar hüquqa, həm də sığınacaq institutunun əsas prinsiplərinə ziddir. Çünki bu şəxs siyasi baxışlarına görə təqib olunan bir hərəkatın lideridir. Onu geri göndərmək faktiki olaraq onu siyasi repressiyaya məhkum etmək deməkdir. Bu isə beynəlxalq humanitar normaların pozulması kimi qiymətləndirilir. Tramp administrasiyasının sərtləşdirilmiş miqrasiya siyasəti kontekstində bu qərarın Rusiya ilə münasibətləri balanslaşdırmaq məqsədi daşıdığı istisna deyil”.
Fatimə Hüseynli