00:00:00
Yazar
Aysel Mirzəyeva
11.03.2026 18:50 20 3 dəq oxuma
Sosial

Çörəyi “uzunömürlü” edən qatqılar nə qədər təhlükəlidir?

Çörəyi “uzunömürlü” edən qatqılar nə qədər təhlükəlidir?

Son zamanlar bəzi çörəklərin günlərlə kiflənməməsi və uzun müddət təravətli qalması istehlakçılar arasında suallar yaradır. Mütəxəssislər bildirirlər ki, bu hal bəzi hallarda çörəyin tərkibinə əlavə edilən qatqı maddələri ilə bağlı ola bilər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, sadə tərkibli və qatqısız çörəyə üstünlük verilməlidir:

 

“Sağlam çörəyin tərkibi sadə olmalıdır. Belə çörək tam taxıllı un, maya, su və duzdan hazırlanır və bu məlumatlar məhsulun etiketində də göstərilməlidir. Bu şəkildə bişirilən çörək adətən 1-2 gün ərzində istehlak olunmalıdır. Əgər daha rütubətli mühitdə və ya bağlı sellofan torbada saxlanarsa, küflənmə baş verə bilər. Bəzi çörəklərdə isə küflənmənin və tez xarab olmanın qarşısını almaq üçün müxtəlif kimyəvi qatqı maddələrindən istifadə olunur. Bu maddələr etiketdə adətən E kodları ilə göstərilir. Xüsusilə E202, E281 və E283 kimi kodlar çörəyin küflənməsinin qarşısını almaq və saxlanma müddətini uzatmaq üçün istifadə olunan qatqılardır. Bu maddələr kif və bakteriyaların inkişafını ləngitsə də, bəzi insanlarda allergiyaya səbəb ola bilər. Eyni zamanda bağırsaqlarda faydalı bakteriyalara mənfi təsir göstərə və dolayısı ilə immun sisteminin zəifləməsinə səbəb ola bilər. Xüsusilə inkişaf dövründə olan gənclər-təxminən 20-25 yaşa qədər olan şəxslər belə qatqılı çörəkləri tez-tez qəbul etdikdə immun sisteminin zəifləməsi ilə yanaşı hiperaktivlik və diqqət dağınıqlığı kimi hallar da müşahidə oluna bilər. Buna görə mümkün qədər sadə və qatqısız çörəklərə üstünlük verilməlidir”.

 

Ekspert qeyd edir ki, çörək gündəlik qidalanmada orqanizmin karbohidrat ehtiyacını qarşılayan əsas məhsullardan biridir:

 

“Buna görə gün ərzində qatqısı az olan, tam taxıllı və ya müxtəlif toxumlarla zənginləşdirilmiş çörəklərin seçilməsi daha faydalıdır. Çörəyin mümkün qədər təzə istehlak edilməsi tövsiyə olunur. Adətən çörəyin rəf ömrü 48 saat, ən yaxşı halda isə 72 saata qədər olur. Daha uzun müddət göstərilərsə, bu, bir çox hallarda tərkibində əlavə qatqı maddələrinin olmasına işarə edə bilər. Bəzi hallarda çörəyin uzun müddət yumşaq qalması onun qablaşdırılması və saxlanma şəraiti ilə də bağlı ola bilər. Buna görə məhsul alarkən etiket məlumatlarına diqqət yetirmək vacibdir. Gündəlik çörək qəbulu insanın çəkisi, yaşı və fiziki aktivliyindən asılı olaraq dəyişə bilər. Ümumiyyətlə, gün ərzində 1-3 dilim çörək qəbul etmək sağlam hesab olunur. Çörəyi bir qədər qızardılmış və ya qurudulmuş şəkildə yemək onun tərkibindəki nəmliyi azaldır, həzmi asanlaşdırır və orqanizm üçün daha faydalı ola bilər. Çörəyin daha çox səhər və günorta saatlarında qəbul edilməsi məsləhətdir. Bu zaman orqanizm enerji əldə edir və həzm prosesi daha rahat gedir. Axşam saatlarında, xüsusilə də ondan sonra hərəkətsiz həyat tərzi olduqda çörək qəbulu həzmi çətinləşdirə, mədədə ağırlıq və şişkinlik yarada bilər. Bu isə çörəyin tərkibindən çox, qəbul edilmə vaxtı və qidalanma vərdişləri ilə əlaqədardır”.


Arzu Poladova

#baki #yeni #gündəm #çörəyi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər