00:00:00
Yazar
Ayan Sədi
13.04.2026 22:24 20 2 dəq oxuma
Sosial

Erkən evlilik: Psixoloji travma, yoxsa zərurət?

 

Erkən evlilik: Psixoloji travma, yoxsa zərurət?

 

Son illərdə erkən evliliklər mövzusu yenidən ictimai müzakirələrin mərkəzinə çevrilib. Bəzi regionlarda gənclərin 18 yaşdan əvvəl evliliyə yönləndirilməsi halları davam edərkən, mütəxəssislər məsələyə fərqli prizmalardan yanaşırlar.

 

"Erkən evlilik bir gələcəyin məhvi deməkdir"

 

Psixoloq Nabat Mirzəyeva "İnformator.az"a açıqlamasında bildirib ki, yeniyetməlik dövrü şəxsiyyətin formalaşdığı mərhələdir və bu yaşda ailə qurmaq ciddi fəsadlar doğurur:

 

 

"Yeniyetmələr emosional və psixoloji olaraq tam formalaşmadıqları üçün ailə məsuliyyətini dərk etmirlər. Bu, daxili konfliktlərə və gərginliyə yol açır. Şəxsi inkişaf və təhsildən uzaqlaşdırılan gənc özünü sıxışdırılmış hiss edir, seçim haqqı əlindən alınır. Nəticədə travma, depressiya və sosial izolyasiya qaçılmaz olur. Sağlam cəmiyyət üçün gənclərin şüurlu qərar verməsinə imkan yaradılmalıdır".

 

"Problem erkən yox, gec evlilikdir"

 

Sosioloq Elçin Bayramlı isə fərqli mövqedədir. O hesab edir ki, hazırda əsas təhlükə erkən deyil, gec evliliklərlə bağlıdır:

 

 

"Rəsmi statistika göstərir ki, orta evlilik yaşı 30-u keçib. Bu, milli genofond üçün faciəvi rəqəmdir. Bioloji olaraq insanın 15-16 yaşında valideyn olmaq qabiliyyəti var, lakin qanunlar bu reallıqla ziddiyyət təşkil edir. Dünyanın bir çox sivil ölkələrində evliliyə 14-16 yaşdan icazə verildiyi halda, bizdə bu həddin süni şəkildə artırılması mənfi nəticələrə, o cümlədən tibbi risklərə və maddi-mənəvi çətinliklərə səbəb olur".

 

 

"Çox peşmanam…”

 

Müzakirələrə erkən yaşda ailə qurmuş Xalidə Qurbanın şəxsi təcrübəsi nöqtə qoyur. O, ailə təzyiqi ilə evləndiyini və buna görə böyük peşmanlıq duyduğunu qeyd edir:

 

 "O vaxt çox balaca idim, səsimi çıxara bilmədim. Amma indiki ağlım olsaydı, nə olursa-olsun belə bir addım atmazdım".

 

Aydan Əsgərxanlı

#psixoloji #baki #yoxsa #evlilik: #erkən
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər