00:00:00
Yazar
Admin User
07.11.2025 17:35 188 2 dəq oxuma
Dünya

Gürcüstan Aİ-yə üzvlük üçün ən hazırlıqlı ölkə kimi göstərilib

Gürcüstan Aİ-yə üzvlük üçün ən hazırlıqlı ölkə kimi göstərilib

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib ki, Avropa İttifaqı yeni dövlətlər üçün qapılarını açdıqda namizədlər arasında Gürcüstan ən hazırlıqlı ölkə olacaq.

 

Nazirin sözlərinə görə, ölkə son illərdə əhəmiyyətli irəliləyişlər əldə edib və Aİ standartlarına uyğunlaşma istiqamətində addımlarını davam etdirir. Boçorişvili 2030-cu ilədək Aİ-nin genişlənmə siyasətinin yenilənəcəyinə ümid etdiyini vurğulayıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov bildirib ki, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin Avropa İttifaqı yeni dövlətlər üçün qapılarını açdıqda, namizədlər arasında Gürcüstan ən hazırlıqlı ölkə olacaq iddiası əslində, daha çox siyasi optimizm və diplomatik mesaj kimi qəbul olunmalıdır:

 

"Həqiqətən də son on ildə Gürcüstan Aİ ilə münasibətlərdə əhəmiyyətli irəliləyişlərə nail olub. 2014-cü ildə imzalanan Assosiasiya Sazişi və Dərin və Hərtərəfli Azad Ticarət Zonası, eləcə də 2017-ci ildən tətbiq olunan vizasız rejim bu istiqamətdə mühüm mərhələlər sayılır. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iqtisadi islahatlar və korrupsiyaya qarşı mübarizə sahəsində də müəyyən nəticələr əldə olunub. Bununla belə, Gürcüstanın Aİ standartlarına tam uyğunluğu üçün hələ ciddi addımlar atılmalıdır. Məhkəmə sistemində islahatlar, siyasi pluralism kimi məsələlər Avropa qurumlarının ən çox tənqid etdiyi sahələrdəndir. Ai hesab edir ki, ölkədəki siyasi qütbləşmə və hakim “Gürcü Arzusu” partiyasının dominantlığı demokratik institutların dayanıqlığına mənfi təsir göstərir.

 

Amma əgər gələcəkdə Gürcüstan Aİ-yə üzv olacaqsa bu təbii olaraq Cənubi Qafqaz regionunda geosiyasi tarazlığa öz təsirini göstərəcək. Belə bir hadisə regionun Qərbə inteqrasiyasının dərinləşməsinə, Gürcüstanı Qara dəniz vasitəsilə Avropa enerji və nəqliyyat dəhlizlərinin əsas qovşağına çevirə bilər. Bu, həm Azərbaycan, həm də Ermənistan üçün yeni iqtisadi və siyasi reallıqlar yaradar. Azərbaycan üçün bu proses Qərblə enerji əməkdaşlığını daha da strateji müstəviyə daşıya bilər. Eyni zamanda, Gürcüstanın Aİ üzvlüyü Avropanın regionda təsir imkanlarını genişləndirər və Moskvanın Cənubi Qafqazdakı ənənəvi dominant mövqeyinə ciddi zərbə vurar.

 

Bu inteqrasiya prosesi, təbii ki, Rusiyanın bölgədəki siyasətinə də təsirsiz ötüşməz. Moskva üçün Gürcüstanın Qərbə yaxınlaşması strateji itkidir. Rusiya bu vəziyyətdə Abxaziya və Cənubi Osetiya kimi separatçı bölgələrdən təzyiq vasitəsi kimi istifadə edə, həmçinin informasiya müharibəsi və siyasi təsir alətləri ilə Gürcüstan daxilində sabitliyi pozmağa çalışa bilər.

 

Ümumilikdə isə qeyd edim ki, Gürcüstan rəsmiləri ölkəni Aİ-yə inteqrasiya istiqamətində Cənubi Qafqazda ən irəlidə olan ölkə hesab etsələr də, Gürcüstan üzvlük üçün hələ tam hazır deyil. Bununla belə, Avropa istiqamətində atılan hər bir addım regionun geosiyasi mənzərəsini dəyişdirir, Rusiyanın təsir imkanlarını azaldır və Cənubi Qafqazı daha çox Avropa təhlükəsizlik məkanına yaxınlaşdırır".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər