Gəncədə İstiqlal Parkına qarşı hörmətsizlik
Gəncə şəhərinin Gülüstan yaşayış massivində yerləşən İstiqlal Parkında xoşagəlməz hadisə baş verib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Qərb bürosunun məlumatına görə, bu gün gecə saatlarında naməlum şəxslər parkın ərazisinə ciddi ziyan vurublar.
Ən acınacaqlısı odur ki, 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ucaldılmış heykəl də vandalizmə məruz qalıb. Abidənin mərmər üzlüyünün bir neçə hissəsi qırılıb və zədələnib. Bununla yanaşı, parkın işıqlandırma sistemi də dağıdılıb - bir neçə plafon qırılıb, hətta bir işıqlandırma qurğusu oğurlanıb.
Bu hadisə təkcə parkın infrastrukturuna yox, şəhidlərimizin müqəddəs xatirəsinə qarşı hörmətsizlik kimi qiymətləndirilir. Azərbaycan xalqı üçün şəhidlik anlayışı müqəddəsdir və bu cür vandalizm cəmiyyətin dərin narazılığına səbəb olub.