00:00:00
Yazar
Lalə Qafarova
28.04.2026 20:03 21 2 dəq oxuma
Sosial

"Görünməz" əmlakların görünən fəsadları - Vəkil sənədsiz evlərin bölgüsündən DANIŞDI

Sənədsiz evlər əmlak sayılmadığı üçün məhkəmə yalnız tikinti xərclərini yarıya bölür. Bu hüquqi boşluq mülkiyyətin yox, sadəcə "pulun" bölünməsinə və tərəflərin mənzilsiz qalmasına səbəb olur.
"Görünməz" əmlakların görünən fəsadları - Vəkil sənədsiz evlərin bölgüsündən DANIŞDI

Azərbaycanda çıxarışı olmayan minlərlə ev boşanma zamanı həm hüquqi boşluqlar, həm də ciddi sosial fəsadlar doğurur. Bu "görünməz" əmlakların bölgüsündəki qeyri-müəyyənlik tərəflər arasında illərlə davam edən mübahisələrə yol açır.

 

Vəkil Zibeydə Sadıqova “İnformator.az”a bu növ mübahisələrin hüquqi tərəflərini və praktiki çətinliklərini şərh edib.

 

Vəkil bildirib ki, dövlət qeydiyyatı olmayan tikili rəsmi olaraq daşınmaz əmlak hesab olunmur. Lakin bu, həmin tikilinin hüquqi dəyərinin olmadığı mənasına gəlmir:

 

"Çıxarışı olmayan əmlak birgə nikah dövründə əldə edilmiş əmlak sayılmasa da, məhkəmələr həmin tikilinin inşası və ya təmiri üçün çəkilmiş xərcləri yarıya bölür. Tərəflər əmlakın məhz nikah dövründə tikildiyini və ya əsaslı təmir olunduğunu sübut etməlidir. Bu halda məhkəmə tərəflərin birgə zəhmətini qiymətləndirərək xərclərin ödənilməsi barədə qərar çıxarır".

 

Z.Sadıqovanın sözlərinə görə, qanunvericilik müəyyən həll yolları təklif etsə də, real təcrübədə mənzərə fərqlidir:

 

"Məhkəmə əmlakın özünü bölə bilmədiyi üçün yalnız xərcin kompensasiyası mexanizmini tətbiq edir. Çox vaxt qadınlar boşandıqda evdən çıxmalı olurlar. Qarşı tərəf müəyyən edilmiş kompensasiyanı ödəyərək əmlakdan istifadəni davam etdirir. Lakin bu məbləğ çox zaman qadının özünə yeni ev alması üçün kifayət etmir".

 

Vəkil qeyd edib ki, tərəflər arasında qarşılıqlı razılıq əsasında kompensasiya ödənilməsi hallarına nadir hallarda rast gəlinir. Nəticədə, sənədsiz evlərin bölgüsü zamanı ən çox əziyyət çəkən tərəf mənzilsiz qalan qadınlar və uşaqlar olur.

 

Lalə Qafarova

#gündəm #sənədsizevlər #boşanma #vəkil
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər