Hindistan sahillərində yük gəmisində partlayış
Hindistanın cənub-qərbində yerləşən Kerala ştatının açıqlarında bir yük gəmisində baş verən güclü yanğın nəticəsində itkin düşən 4 ekipaj üzvü hələ də axtarılır.
Yeni Dehli mərkəzli NDTV telekanalının xəbərinə görə, ştatın Umman dənizinə baxan sahillərində üzən, Sinqapur bayrağı altında hərəkət edən "MV Wan Hai 503" adlı konteyner gəmisində həftə sonu baş verən partlayışdan sonra başlayan yanğın hələ də davam edir.
Hadisə ilə bağlı verilən siqnal əsasında sahil mühafizə xidmətinin apardığı genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları nəticəsində 22 nəfərlik heyətin 18 üzvü xilas edilib, 4 nəfərin isə axtarışı davam edir.
Müxtəlif dərəcəli yanıq xəsarətləri alan 6 ekipaj üzvündən ikisinin vəziyyətinin ağır olduğu və onların xəstəxanaya yerləşdirildiyi bildirilib. Partlayışdan sonra başlayan yanğının isə hələ də nəzarət altına alınmadığı qeyd olunur.
Hindustan Times nəşrinin məlumatına görə, gəminin "tərkibində təhlükəli və tez alışan yüklərin" olması səbəbilə yanğının söndürülməsi zamanı vaxtla yarışılır.
Hindistanın Milli Okean Məlumat Xidmətləri Mərkəzi (INCOIS) isə partlayış və yanğından sonra "dənizə düşən konteynerlər və mümkün neft sızması" ilə bağlı xəbərdarlıq edib.
Haber Global
Nuray Əliyeva