Hollivud ssenarilərini xatırladan qalmaqal: OpenAI-da “gizli qulaq” əməliyyatı necə alt-üst oldu?
Casus filmlərində baş qəhrəmanın zəngin sahibkarın kabinetinə gizlicə daxil olaraq masa altına dinləmə cihazı yerləşdirdiyi səhnələri, yəqin ki, hamımız izləmişik. Lakin reallıq bəzən ssenaristlərin fantaziyasını belə geridə qoyur. Süni intellekt dünyasının mərkəzində — OpenAI-ın San-Fransiskodakı baş qərargahında baş verdiyi bildirilən son hadisə də müasir dövrün texnoloji casusluq dramını xatırladır.
Hər şey şirkət rəhbərlərinin strateji iclaslar keçirdiyi otaqdakı televizorun arxasında şübhəli bir detalın aşkarlanması ilə başlayıb. Yoxlama zamanı tualet kağızına bükülərək televizorun USB portuna qoşulmuş, baş barmaq ölçüsündə kiçik bir səsyazma cihazı aşkar edilib. Ən maraqlısı isə bu “gizli qulaq”ın aşkar edilməsi və hadisənin izinə düşülməsi üçün OpenAI-ın öz süni intellekt modellərindən də istifadə olunmasıdır. Şirkətin təhlükəsizlik mütəxəssisləri daxili alətləri işə salaraq cihazı kimin yerləşdirdiyini qısa müddətdə müəyyənləşdirə biliblər.
Məlum olub ki, bu gizli əməliyyatın arxasında şirkətin öz mühəndislərindən biri dayanır. İddialara görə, həmin şəxs məxfilik qaydalarından yayınmaq, iclas otaqlarının yerləşməsini və təhlükəsizlik sistemlərindəki mümkün boşluqları öyrənmək üçün əvvəlcə OpenAI-ın daxili çat-botlarından məsləhət alıb. Süni intellektin köməyi ilə “mükəmməl plan” qurduğunu düşünən mühəndisin bütün “peşəkarlığı” isə sadə bir diqqətsizlik ucbatından alt-üst olub. O, başqa bir otaqda içərisində şəxsiyyət vəsiqəsi, pulqabı və hətta ikinci bir səsyazma cihazı olan çantasını unudub.
Bu sadə, lakin ciddi səhv həm gizli planın üstünün açılmasına, həm də mühəndisin karyerasının sona çatmasına səbəb olub. Bildirilir ki, həmin şəxs işdən çıxarılıb, məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb və işə ABŞ Federal Təhqiqat Bürosu (FBI) da cəlb olunub.
Ən müasir texnologiyaların və milyardlarla dollarlıq layihələrin müzakirə edildiyi bir məkanda baş verən bu hadisə göstərir ki, süni intellekt nə qədər inkişaf etsə də, insan amili və sadə diqqətsizlik ən mürəkkəb planları belə bir anda puç edə bilər.
Ayşə Cəfərova