Təbiətin ən təsirli anları: 2026-cı ilin ən yaxşı vəhşi təbiət fotoları
İtalyan fotoqraf Federiko Veronesi ölmüş fil balasını xortumu ilə qaldıran yetkin filin fotosuna görə 2026-cı ilin “İlin Vəhşi Təbiət Fotoqrafı” müsabiqəsinin baş mükafatını qazanıb. Namibiyanın quru çay yatağında çəkilən görüntü heyvanların emosional dünyası və davranışlarının mürəkkəbliyi ilə diqqət çəkib.
Fotoqraf filləri izləyərkən qum üzərində sürüklənmə izləri görüb və onların ardınca gedərək ölü balanı daşıyan dişi filə rast gəlib. Əvvəlcə onun öz balasını daşıdığını düşünsə də, tədqiqatçılar bu ehtimalın dəqiq olmadığını bildiriblər. Məlum olub ki, həmin dişi fil bir neçə il əvvəl öz balasını itirib və əvvəllər başqa fillərin ölü balalarını da qaldırıb. Veronesi bu fotonun insanlara heyvanların da öz münasibətləri, yaddaşı və hissləri olan canlılar olduğunu xatırladacağına ümid edir.
Müsabiqədə diqqətçəkən digər görüntülər də yer alıb. Zimbabvedə gənc fotoqraf Oskar Uitfildin çəkdiyi fotoda peyin böcəyi özündən dəfələrlə böyük kürəni qumun üzərində itələyir. Fotoqraf böcəyin göstərdiyi səyi daha aydın əks etdirmək üçün kameranı torpaq səviyyəsinə endirib. Digər maraqlı görüntüdə isə arının çiçəyə qonmağa hazırlaşdığı an əks olunub. Bu foto peşəkar kamera ilə deyil, fotoqraf Ameli Devisin atasının smartfonu ilə çəkilib.
Keniyada çəkilən qara-ağ fotoda filin su hövzəsində zebralara su püskürtməsi, İngiltərənin Kornuoll sahillərində lentə alınan başqa bir görüntüdə isə yosunların arxasından müşahidə edilən səkkizayaq təsvir olunub. İqlim dəyişikliyi nəticəsində dəniz suyunun temperaturunun yüksəlməsi ilə səkkizayaqların İngiltərənin cənub-qərbində müşahidələrinin də artdığı bildirilir.
Müsabiqənin bəzi fotoları insan fəaliyyətinin təbiətə təsirini də ön plana çıxarır. ABŞ-ın Yuta ştatındakı Böyük Duzlu Göldə çəkilən görüntü su hövzəsinin süni müdaxilələr nəticəsində dəyişən mənzərəsini əks etdirir. Argentinada lentə alınan fotoda isə ölü pumanın ov kuboku kimi hasardan asıldığı görünür. Bölgədə puma ovuna qadağa qoyulmasına baxmayaraq, qanunsuz ov hallarının davam etdiyi qeyd olunur.
Digər qalib fotolarda nadir ayaqqabıdimdik quşları, gecə istidən qorunmaq üçün quma girən əqrəb, sualtı aləmdəki ilanbalıqlar və ultrabənövşəyi işıq altında parlayan göbələklər təsvir edilib. Bu görüntülər təbiətin həm heyrətamiz gözəlliyini, həm də insanlardan gizli qalan tərəflərini üzə çıxarır.
“İlin Vəhşi Təbiət Fotoqrafı” müsabiqəsinin illik sərgisi 16 oktyabr 2026-cı ildə Londondakı Təbiət Tarixi Muzeyində açılacaq. Fotoların əsas məqsədi yalnız vəhşi təbiətin gözəlliyini nümayiş etdirmək deyil, həm də canlıların qorunmasının və ekoloji tarazlığın əhəmiyyətinə diqqət çəkməkdir.
Gülnar Mustafayeva