İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü olub
İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen ilə geniş tərkibdə görüşü olub.
"İnformator.az" xəbər verir ki, Azərbaycanın bu gün Avropa Birliyinin strateji tərəfdaşı olduğunu deyən Ursula Fon der Leyen bildirib ki, Azərbaycanla Avropa Birliyi arasındakı münasibətlər möhkəm təməllər üzərində inkişaf edir.
Qonaq Prezident İlham Əliyevin sülh gündəliyinin təşəbbüskarı rolunda çıxış etməsinin və bu xüsusda göstərdiyi liderliyin yüksək qiymətləndirildiyini vurğuladı.
Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, dayanıqlı sülhün təmin olunması, ikitərəfli ticarət münasibətlərinin başlanması, həmçinin Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı və üçüncü ölkələrdən Ermənistana ixrac olunan məhsulların Azərbaycan ərazisindən tranzit keçidi müsbət dəyərləndirildi.
Ursula Fon der Leyen dedi ki, Avropa Birliyi Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə hərtərəfli dəstək göstərməyə hazırdır.
Söhbət zamanı Mərkəzi Asiya ilə Avropa arasında regional bağlantılarda Azərbaycanın vacib rolu qeyd olundu, ölkəmizlə Avropa Birliyi arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində roluna toxunularaq, onun etibarlı tərəfdaş olması, xüsusilə 2022-ci ildən sonra ölkəmizdən Avropa Birliyinə qaz ixracının həcminin artması məmnunluqla qeyd edildi.