00:00:00
Yazar
Zəri Bayramlı
16.03.2026 20:40 28 3 dəq oxuma
Sosial Özəl

İmtahanda çətinlik müzakirəsi: Balans qorunurmu?

İmtahanda çətinlik müzakirəsi: Balans qorunurmu?

Son günlər keçirilən buraxılış imtahanlarının çətinliyi şagirdlər və valideynlər arasında geniş müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə abituriyentlər bəzi sualların əvvəlki illərlə müqayisədə daha çətin olduğunu və hətta proqram çərçivəsindən çıxdığını bildirirlər. Bu narahatlıqlar imtahanda sualların səviyyəsi və balansının qorunub-qorunmaması ilə bağlı ictimai müzakirələri artırıb. Təhsil ekspertləri bildirirlər ki, bu məsələlərin təhlili və ictimaiyyətə ətraflı izahat verilməsi vacibdir. 

 

16 mart tarixində keçirilən buraxılış imtahanında iştirak edən abituriyent Fidan Həsənzadə “İnformator.az”a açıqlamasında bildirib ki, imtahanın ümumi səviyyəsi əvvəlki illərlə müqayisədə orta səviyyədə olub:

 

“Ümumilikdə imtahanın səviyyəsini orta hesab etmək olar. Bəzi suallar kifayət qədər asan idi, lakin elə tapşırıqlar da var idi ki, daha çox düşünmək və vaxt ayırmaq tələb edirdi. Xüsusilə, Azərbaycan dili fənnində verilən mətnlər bir qədər qəliz idi. Mətni tam anlamaq və suallara düzgün cavab vermək üçün onu bir neçə dəfə diqqətlə oxumaq lazım gəlirdi. Riyaziyyat fənnində isə açıq tipli suallar digərlərinə nisbətən daha çətin idi və onların həlli daha çox vaxt aparırdı”.

 

 

Digər bir imtahan verən şagird Leyla Vəliyeva “İnformator.az”a açıqlamasında bəzi sualların proqram çərçivəsindən kənar olmasa da, müəyyən çətinlik yaratdığını bildirib:

 

“Suallar ümumilikdə proqram çərçivəsində idi. Amma bəzi tapşırıqların quruluşu və çətinliyi səbəbindən onları həll etmək daha çox vaxt aparırdı. Bəzi fənlərdə suallar əvvəlki illərlə müqayisədə bir qədər daha çətin görünürdü. İmtahan zamanı dinləmə mətnində səsin yaxşı eşidilməməsi müəyyən çətinlik yaratdı. Səs bəzən tam aydın gəlmirdi və bu da sualları düzgün anlamağa mane olurdu”.

 

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, buraxılış imtahanlarından sonra bu tip müzakirələr demək olar ki, hər il təkrarlanır:

 

“Hər il buraxılış imtahanından sonra ictimaiyyət, cəmiyyət və sosial şəbəkələr bu mövzunu geniş müzakirə edir. Demək olar ki, hər il eyni məsələlər gündəmə gəlir - imtahanların çətinlik və ya asanlıq dərəcəsi ilə bağlı müzakirələr aparılır. Bu proses adətən blok imtahanlarına qədər davam edir. Bu iki imtahan da əvvəlki illərdən fərqlənmir. Yenə də eyni mövzular və eyni istiqamətli müzakirələr olub. Bəziləri birinci imtahanın çətin, digərləri isə ikinci imtahanın daha çətin olduğunu deyir. Bu kimi müzakirələr illərdir davam edir. Balansın qorunması və müzakirələrin azalması üçün müəyyən variantlar var. Dövlət İmtahan Mərkəzi hər iki zona üzrə imtahanları bir günə sala bilər. Bu, daha ədalətli olar və geniş müzakirələrə səbəb olmaz. Çünki artıq texniki imkanlar buna şərait yaradır”.

 

Ekspertin sözlərinə görə, nəticələrin uzun müddət sonra elan olunması abituriyentlər arasında gərginlik yaradır:

 

“Martın 15-də keçirilən imtahanın nəticələrinin 7 həftə sonra açıqlanacağı bildirilir. Bu isə müəyyən gərginliyə və söz-söhbətlərə səbəb olur. Biz artıq texnologiyanın və süni intellektin inkişaf etdiyi bir dövrdə yaşayırıq. Bu səbəbdən nəticələrin daha qısa müddətdə açıqlanması mümkün olmalıdır. Nəticələrin tez açıqlanması abituriyentlərin növbəti imtahanlara daha düzgün hazırlaşmasına da kömək edər. Abituriyentlər nəticələri vaxtında bilsələr, zəif tərəflərini müəyyənləşdirib növbəti imtahanlara daha məqsədyönlü hazırlaşa bilərlər. Hesab edirəm ki, bu məsələlərin həlli Dövlət İmtahan Mərkəzinin qərarlarından asılıdır. İstək olarsa, gərginlik və narazılıqlar da azalacaq”.

 

Fatimə Hüseynli

#imtahan #abituriyent #trend #son xəbər #ekspert #təhsil
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər