00:00:00
Yazar
Ayan Sədi
21.03.2026 09:12 25 2 dəq oxuma
Sosial

İnkişafın gizli açarı – Könüllülük gəncləri necə dəyişir?

İnkişafın gizli açarı – Könüllülük gəncləri necə dəyişir?

Müasir gəncliyin fərdi inkişafında ən təsirli vasitələrdən birinə çevrilən könüllülük fəaliyyəti təkcə sosial məsuliyyət deyil, həm də mənəvi təmizlənmə və peşəkar hazırlıq mərhələsi kimi çıxış edir. Bu proses gənclərin özgüvəninin formalaşmasına və şəxsiyyət kimi inkişafına ciddi təsir göstərməklə yanaşı, həm də onların daxili dünyasında güclü psixoloji mexanizmləri hərəkətə gətirir.

 

Psixoloq Nabat Mirzəyeva bu barədə "İnformator.az"a açıqlamasında bildirib ki, könüllülük prosesi gəncə özünü faydalı hiss etmək imkanı yaradır ki, bu da “kiməsə kömək edə bilərəm” düşüncəsi ilə özünəinamı gücləndirir:

 

"Başqasına faydalı olmaq duyğusu beynin mükafat sistemini aktivləşdirərək məmnunluq və daxili rahatlıq hissi yaradır. Gənclik dövrü insanın öz kimliyini axtardığı bir mərhələdir. Bu baxımdan könüllülük fəaliyyəti depressiv hallar və özünü dəyərsizlik hissi ilə mübarizədə ən effektiv vasitələrdən biridir. Belə fəaliyyətlər gəncin həyat məqsədini və hədəflərinə doğru gedən yolda motivasiyasını təkmilləşdirir. Lakin burada əsas məqam balansı qorumaqdır. Gənclər çox zaman yüksək motivasiya ilə başlayır, lakin öz sərhədlərini düzgün müəyyən etmədikdə emosional tükənmə riski ilə üzləşirlər. Könüllülük özünü qurban vermək deyil, sağlam paylaşım və inkişaf prosesidir”.

 

Psixoloq vurğulayıb ki, gənclər hər kömək çağırışına avtomatik cavab vermək əvəzinə, öz prioritetlərini müəyyən etməyi və bəzən “yox” deməyi bacarmalıdırlar. Peşəkar yorğunluğun qarşısını almaq üçün gənc mütəmadi olaraq “Bu fəaliyyət mənə nə verir?” sualını özünə verməli, prosesi şüurlu şəkildə idarə etməlidir.

 

Real təcrübələr də bu elmi yanaşmanı təsdiqləyir. Belə ki, media sahəsində könüllü fəaliyyət göstərən gənclər bu prosesi gələcək karyeraları üçün möhkəm baza kimi qiymətləndirirlər. Bu barədə tələbə Səma Orucova qeyd edir ki, könüllülük ona nəzəri biliklərini praktikada tətbiq etmək, operativ düşünmək və komanda ilə işləmək bacarıqlarını qazandırır. Onun fikrincə, bu təcrübə peşəkar mühitdə təcrübəli insanlarla ünsiyyət qurmaq baxımından əvəzsizdir.

 

Digər könüllü gənc Ayan Veysəlli isə vurğulayır ki, könüllülük onun üçün sadəcə fəaliyyət deyil, kiminsə həyatına kiçik də olsa toxuna bilmək istəyidir. Bu yol ona insanlarla rahat ünsiyyət qurmağı, özünü daha yaxşı tanımağı və nəyə qadir olduğunu görməyi öyrədib.

 

Nəticə etibarilə, könüllülük düzgün psixoloji yanaşma və balanslı motivasiya ilə həm fərdi inkişaf, həm də cəmiyyətə fayda baxımından ən güclü vasitə kimi xarakterizə olunur. Əsas olan bu prosesi sadəcə öhdəlik kimi deyil, şüurlu inkişaf yolu kimi qəbul etməkdir.

 

Lalə Əhməd

#gizli #açarı #azərbaycan #gəncləri
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər