İnsanlar alış-veriş üçün Google-dan çox süni intellektə üz tutur
İnternetdə məhsul axtarışı və alış-veriş vərdişləri dəyişir. İnsanlar məhsul seçərkən ənənəvi axtarış sistemləri əvəzinə getdikcə daha çox süni intellekt çatbotlarından məsləhət almağa başlayıblar.
Süni intellekt gündəlik alış-veriş vərdişlərini də dəyişməyə başlayıb. İnsanlar geyim, kosmetika, elektronika və digər məhsullar barədə məlumat əldə etmək üçün artıq yalnız axtarış sistemlərindən deyil, ChatGPT və Google Gemini kimi süni intellekt platformalarından da istifadə edirlər.
ABŞ-də istehlakçıların 41 faizi iyun ayında onlayn alış-veriş zamanı generativ süni intellektdən istifadə edib. Bu tendensiya şirkətləri də məhsullarının süni intellekt çatbotlarının cavablarında daha çox görünməsi üçün öz saytlarını yeniləməyə vadar edir.
Maraqlıdır ki, şirkətlər süni intellekt vasitəsilə yeni müştərilərə çatmaq istəsələr də, alış-verişin öz saytlarında baş tutmasına üstünlük verirlər. Bunun əsas səbəbi müştərilərin seçimləri, baxış tarixçəsi və alış-veriş davranışları barədə məlumatları özlərində saxlamaq istəyidir.
Beləliklə, süni intellekt yalnız məlumat axtarış vasitəsi olmaqdan çıxaraq insanların nə alacağına qərar verməsində də rol oynamağa başlayır.
Fatimə Hüseynli