İran parlamentindən səslənən fikirlər: Azərbaycan hədəf olubmu?
İran parlamentinin deputatı Kamran Qəzənfərinin mediaya verdiyi açıqlamada müharibə zamanı Azərbaycan Respublikasının da dron hədəfi kimi nəzərdən keçirildiyini deməsi regionda diqqət çəkib. Deputatın sözlərinə görə, İran prezidenti Məsud Pezeşkian bu addımın zəruri olmadığını bildirərək planın icrasının qarşısını alıb. Sözügedən açıqlama Azərbaycan-İran münasibətlərinin hazırkı vəziyyəti və qarşılıqlı etimad məsələsini yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı politoloq Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, İran parlamentinin üzvünün belə bir açıqlaması, əslində, Azərbaycan-İran münasibətlərinə, xüsusilə də İran prezidenti Pezeşkiana Azərbaycan tərəfinin etimad və etibarının artmasına daha çox zərər verən bir məsələdir:
“İran prezidenti cənab Pezeşkian Azərbaycana qarşı belə haqsız və xain planın qarşısını vaxtında ala bilib, bu, o deməkdir ki, İranın Azərbaycana qarşı hər zaman əli tətikdə olan məlum bir çevrə var və onlar istənilən halda Azərbaycana qarşı belə planların həyata keçirilməsi üçün fürsət axtarırlar. Bir anlığa fikirləşək ki, İran prezidenti türk əsilli Pezeşkian deyil, elə eyni təfəkkürü, eyni şovinist düşüncələri paylaşan fars əsilli bir şəxsdir. O zaman bu, o demək idi ki, artıq İran Azərbaycana qarşı havadan zərbələr endirmiş olacaqdı. Məhz buna görə də hər zaman istənilən vəziyyətə hazırlıqlı olmalıyıq ".
Mələk Hüseynova