00:00:00
Yazar
Ayşən Səlimova
13.04.2026 21:41 22 2 dəq oxuma
Sosial

İşə qəbul zamanı narkoloji yoxlama: məcburidir, yoxsa könüllü?

 

 

İşə qəbul zamanı narkoloji yoxlama: məcburidir, yoxsa könüllü?

Son dövrlərdə işə qəbul prosesində namizədlərdən narkoloji yoxlamadan keçməyin tələb olunması müzakirə mövzusuna çevrilib. Bu tələbin hüquqi əsası, işəgötürənin səlahiyyətləri və işçinin hüquqları ilə bağlı suallar aktuallaşır. Mövcud qanunvericilik bu məsələyə necə yanaşır və tərəflərin məsuliyyəti nədən ibarətdir?

 

Mövzu ilə bağlı işəqəbul olan Xədicə Abbasova “İnformator.az” a açıqlamasında bildirib ki,bu yoxlamalar vacibdir və təhlükəsizlik üçün zəruridir:

 

“Mənim bu məsələyə münasibətim çox müsbətdir. Düşünürəm ki, işə qəbul zamanı belə yoxlamalar hər bir vətəndaş üçün tətbiq olunmalı və müvafiq qaydada təqdim edilməlidir. Bu tələbi şəxsi hüquqların pozulması kimi qiymətləndirmirəm. Əksinə, hesab edirəm ki, bu, olduqca vacib bir tələbdir. Mənim fikrimcə, hər bir müəssisə və işəgötürən (HR) işə qəbul zamanı bu cür yoxlamaları namizədlərdən tələb etməlidir. Belə yoxlamalar iş mühitində təhlükəsizliyin təmin olunması baxımından çox önəmlidir. Bu səbəbdən onların tətbiqini zəruridir. İşə qəbul zamanı digər tibbi yoxlamalara gəldikdə isə, ümumi sağlamlıq haqqında arayışın təqdim olunmasını normaldır. Bundan əlavə, narkoloji yoxlamanın da aparılması məqsədəuyğundur”.

 

Hüquqşünas Zahir Poladov da mövzuya öz münasibətini bildirib:

 

“İşə qəbul zamanı narkoloji yoxlama məsələsi Azərbaycan qanunvericiliyində əsasən işin xarakterindən asılı olaraq tənzimlənir. Belə ki, əgər iş təhlükəli, məsuliyyət tələb edən sahələrə , məsələn, nəqliyyat, səhiyyə və ya riskli istehsalat sahələrinə aiddirsə, bu halda narkoloji yoxlama məcburi hesab oluna bilər. Digər sahələrdə isə bu tələb daha çox işəgötürənin daxili qaydalarına əsaslanır. İşəgötürən bu yoxlamanı tələb edərkən əmək qanunvericiliyinə və iş mühitində təhlükəsizliyin təmin olunması öhdəliyinə istinad edir. Əgər yoxlama qanunla və ya işin xüsusiyyətinə görə zəruridirsə, namizədin bundan imtina etməsi işə qəbuldan imtina üçün əsas sayıla bilər. Lakin belə bir məcburiyyət yoxdursa, bu məsələ mübahisə doğura bilər. Eyni zamanda, narkoloji yoxlamanın nəticələri şəxsi və tibbi məlumat hesab olunur. Bu səbəbdən onların məxfiliyi qorunmalı, yalnız aidiyyəti şəxslərlə paylaşılmalı və üçüncü tərəflərə ötürülməməlidir. Bu, həm işçinin hüquqlarının qorunması, həm də qanunvericiliyin tələblərinə riayət olunması baxımından vacibdir”.

 

Arzu Poladova

#Sosial
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər