00:00:00
Yazar
Vüqar Alışov
20.03.2026 15:40 44 2 dəq oxuma
Sosial

İşıqforlarda saniyəölçən tablolar niyə yığışdırılır? - Bakı yollarında yeni dəyişiklik

Yollarda təhlükəsizlik və nəqliyyatın düzgün təşkili müasir şəhər həyatının vacib tələblərindəndir. Sürücü və piyadaların davranışlarını tənzimləmək üçün müxtəlif texnoloji vasitələrdən istifadə olunur ki, bunların arasında işıqforlar xüsusi yer tutur. 

İlk vaxtlar Bakıda işıqforlarda saniyəölçən rəqəmli tabloların qoyulması  sürücü və piyadaların hərəkət zamanı rahatlığına hesablansa da, təcrübə göstərdi ki, bu addım özünü doğrultmadı. Son dövrlərdə Bakıda işıqforlardakı saniyəölçən tabloların tədricən yığışdırılması diqqət çəkir.

 

Məsələ ilə bağlı Nəqliyyat eksperti Elməddin Muradlı “İnformator.az”a  bildirib ki, saniyəölçənlərin iki rəqəmi göstərmək imkanı var, amma bəzi küçələrdə yaşıl dalğa 120 saniyə tətbiq edilir:

"Bu zaman üç rəqəm əmələ gəlir və nəticə etibarı ilə sürücülər baxırlar ki, yaşıl rəqəmlər 99-dan başlayır, sıfıra (00) çatanda isə  işıqforun əsas bölməsi qırmızıya keçib-keçmədiyini nəzərə almadan hərəkət etməyə və ya dayanmağa başlayırlar. Lakin  qalan  21 saniyə qəzalara səbəb ola bilər". 

 

Mövzu ilə bağlı “İnformator.az”ın sorğusuna cavab olaraq DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov bildirib ki, təhlillərə əsasən, işıqforlarda rəqəmli tablolar olduğu zaman bəzi sürücülər yaşıl işığın sönməsinə qısa müddət qaldıqda uzaq məsafədən sürəti artıraraq kəsişmədən keçməyə cəhd edirlər:

 

“Bu cür davranışlar yollarda qəza riskinin artmasına, piyada keçidlərində isə piyada vurma hallarına səbəb olur. Rəqəmli tablolar olmayan işıqforlarda isə bu hallar az müşahidə edilir. Artıq bir sıra inkişaf etmiş ölkələrdə işıqforlar quraşdırılarkən rəqəmli tablolardan istifadə edilmir”.

 

Mehriban Yariyeva

#Bakı #DİN #Yol #İşıqfor #Qəza #Ölüm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər