İsrail ordusu fələstinlilərin deportasiyasına göstəriş verib
İsrail ordusu Qəzzanın şimalındakı fələstinlilər üçün deportasiya əmri verib və bəzi bölgələrə hücumla hədələyib.
İsrail Ordusunun sözçüsü Aviçay Adraee X hesabında Qəzza zolağının kiçik bloklara bölündüyü, "qadağan olunmuş ərazilərin" qırmızı rənglə işarələndiyi xəritəni paylaşıb.
Qəzza zolağının şimalındakı ərazilər üçün tez-tez deportasiya əmrləri verən İsrail ordusu, dünyada əhalinin ən sıx olduğu Qəzza zolağında fələstinliləri sahildəki dar ərazilərə köçməyə məcbur etməyə davam edir.
Qəzza şəhərinin şimalındakı Ravda və At-Tuffah məhəllələrində və Qəzzanın içərisindəki tarixi şəhər bölgəsində fələstinlilər üçün deportasiya əmrləri verilərkən, Adraee fələstinlilərdən Qəzza şəhərinin qərbindəki "təhlükəsiz" bölgələrə getmələrini istəyib.
Atəşkəsi pozan İsrail ordusu Qəzzanı daimi olaraq işğal etmək üçün hərəkətə keçir.
Yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusu martın 18-i səhər şiddətli hücumlarını bərpa edib.
İsrail ordusu yenidən hücumlara başladıqdan sonra əksəriyyəti qoca, qadın və uşaq olmaqla 4924 fələstinli həyatını itirib, 15780 nəfər isə yaralanıb.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 55 min 207, yaralıların sayı isə 127 min 821-ə yüksəlib.
Mayın 27-dən etibarən İsrail-ABŞ rəhbərliyindəki “Qəzzəyə Humanitar Yardım Fondu”nun humanitar yardım adı altında qurduğu paylama məntəqələrində hədəfə alınan fələstinlilərin sayı 245-ə, yaralıların sayı isə 2152-yə yüksəlib.
İsrail ordusu Qəzza zolağında işğalı genişləndirəcək və onu daimi edəcək hücum planını həyata keçirməyə başlayıb. Baş nazir Benyamin Netanyahu Qəzza zolağının hamısını işğal edəcəklərini açıqlayıb.
Plana görə, İsrail ordusu Qəzza zolağını daimi olaraq işğal edəcək, fələstinlilər isə Qəzzanın cənubundakı “toplama düşərgələrinə” deportasiya ediləcək. İsrail konsentrasiya düşərgələrində fələstinlilərə “həyata qalmaq üçün lazım olduğu qədər” humanitar yardım göstərəcək.
İsrailli nazirlər Qəzza zolağında toxunulmaz olaraq qalan hər şeyi məhv edəcəklərini və fələstinliləri əvvəlcə cənuba, oradan da digər ölkələrə deportasiya etməyi planlaşdırdıqlarını açıqlayıblar.
TRT XƏBƏR
Fatimə Şahverdiyeva