İsrailin Qəzzaya endirdiyi zərbələrdən 20 fələstinli həlak olub
İsrailin hava və quru qüvvələrinin Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hücumlar nəticəsində, humanitar yardım gözləyən dinc sakinlər də daxil olmaqla, 20 fələstinli həlak olub.
Eyni vaxtda Təl-Əvivin İrana qarşı genişmiqyaslı hücumu ilə yanaşı, İsrail ordusu fələstinlilərin yaşadığı anklava da zərbələr endirib.
Qəzzanın cənubundakı Nablusi qovşağında yardım gözləyən mülki şəxslərin olduğu əraziyə edilən hücum nəticəsində dörd fələstinli həlak olub.
Şəhərin şimal-qərbindəki ABŞ məktəbinin yaxınlığında mülki vətəndaşların toplandığı yerə edilən hücum nəticəsində daha bir nəfər həyatını itirib.
Cəbalya rayonunda, Öməri məscidi yaxınlığında baş verən hücumda da bir fələstinli həlak olub.
Qəzza şəhərinin şərqində yerləşən Zeytun və Şucaiyyə rayonları, eləcə də şimaldakı Cəbalya qaçqın düşərgəsi artilleriya atəşinə tutulub.
Tibbi mənbələrin məlumatına görə, Deyr əl-Bələh şəhərində yardım gözləyən doqquz fələstinli də İsrailin hücumları nəticəsində həyatını itirib.
Bundan əlavə, Netsarim dəhlizi yaxınlığındakı humanitar yardım paylanma məntəqələrinə endirilən zərbələr nəticəsində bir nəfər ölüb, 12 nəfər yaralanıb.
Məkkə qovşağı yaxınlığındakı Məqazi qaçqın düşərgəsində dinc sakinlərin toplandığı əraziyə artilleriya atəşi nəticəsində dörd fələstinli də həlak olub.
Anadolu Agency
Ayan Əsgərova