00:00:00
Yazar
Asiman Vəliyeva
08.04.2026 21:07 50 3 dəq oxuma
Sosial

Məktəbəqədər təhsil və onun uşağın inkişafında rolu

Məktəbəqədər təhsil və onun uşağın inkişafında rolu

Məktəbəqədər təhsil uşağın sosial, emosional və intellektual inkişafının əsas mərhələsi hesab olunur. Bu dövr gələcək təhsilin və şəxsiyyət formalaşmasının təməlini qoyur və uşağın məktəb həyatına hazırlığını təmin edir.


Mövzu ilə bağlı Ahəng Psixoloji İnkişaf və Dəstək İctimai Birliyinin sədri, ailə-uşaq psixoloqu Vüsalə Əmiraslanova “İnformator.az”a açıqlamasında bildirib ki, bəzən valideynlər uşaqlarını məktəbəqədər  müəssəsələrə göndərmirlər, onlar düşünürlər ki, uşaq uşaqlığını evdə rahat yaşasın sonra isə məktəbdə təhsillə məşğul olsun:

 

"Məktəbəqədər təhsil təhsilin ilk pilləsidir. Məktəbəqədər müəssisələrdə təhsil alan uşaqların məktəbdəki davranışları, adaptasiya qabiliyyətləri daha yüksək olur. Həmçinin də intellektual və psixoloji cəhətdən güclü olurlar. Bəzən valideynlər uşaqlarını məktəbəqədər müəssisələrə göndərmirlər. Onlar düşünürlər ki, "uşaq uşaqlığını evdə rahat yaşasın sonra isə məktəbdə təhsillə məşğul olsun". Amma uşağın sağlamlıq baxmından adaptasiya prosesi üçün çətin olur. Həmçinin uşaqlar müəllimi anlamaq və qavramaq problemini də yaşaya bilirlər. Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində isə keyfiyyəti artırmaq üçün psixoloji yanaşmanı artırmaq lazımdır. Uşaqlarla psixoloji oyunlar keçirilməlidir. Bu təkcə özəl məktəbəqədər təhsil müəssisələrində deyil, həmçinin  dövlət müəssisələrində də olmalıdır. Psixoloq sayı və vakansiyası artırılmalı və hər qrup üçün ayrı psixoloq təyin olunmalıdır ki, o uşaqlarla mütəmadi həm qrup terapiyaları keçirsin, həm də fərdi şəkildə məşğul olsun. Qavrama problemi vaxtında aşkarlanmalı və müəllimə vaxtında məlumatlandırılmalıdır. Çətin oxuyan və öyrənən disleksiyalı (öyrənmə, oxuma, danışma, hərf və yazı bacarıqlarına təsir edən öyrənmə pozğunluğu) uşaqların da vaxtında aşkarlanması məktəbəqədər təhsil müəssisələrində daha rahatdır. Burada müəllim və valideynin əməkdaşlığı çox vacibdir. Müəllimlə valideyn əgər əməkdaşlıq edərsə, məktəbəqədər təhsil müəssəsində olan uşağın davranışlarına daha müsbət təsir göstərilə bilər.  Məktəbəqədər təhsil müəssisəsində olan müəllim bilavasitə uşaqlarla işlədiyinə görə valideyni düzgün məlumatlandırmalı, valideyn isə müəllim ilə əməkdaşlıq etməlidir. Yəni müəllimə əks getməməlidir, əksinə ona dəstək olmalıdır ki, uşağın həm davranışı, həm psixoloji inkişafı, həm də təhsili öndə olsun". 

 

Həmçinin psixoloq Aygül Məlikovanın fikirlərinə görədə ölkəmizdə məktəbəqədər təhsilin keyfiyyətini artırmaq üçün uşaqların hər birinin istər bağça tipli olsun, istərsə, özəl müəssisələrdə olsun uşaqların məktəbəqədər bacarıqları artırılmalıdır:

 

"Məktəbəqədər təhsilin uşağın akademik inkişafında rolu çox böyükdür. Uşaq məktəbəqədər təhsildə akademik fəaliyyətlər ilə yanaşı, sosial bacarıqlarını da inkişaf etdirir. Bu inkişaf uşağın zehni fəaliyyətini daha gücləndirir. Məsələn, uşaq dənli bitkiləri və ya sərt, yumşaq, əksmənalı sözləri, yəni bütün bu bacarıqları məktəbəqədər dönəmdə mənimsəyir. Bu dönəmdə mənimsədiyi akademik səviyyə isə gələcəkdə məktəb həyatında ona qurulan cümlələri, verilən tapşırıqları daha rahat anlayıb tətbiq etməyə və dərslərini özünün sərbəst şəkildə öyrənməsinə kömək göstərəcək. Ölkəmizdə məktəbəqədər təhsilin keyfiyyətini artırmaq üçün uşaqların hər birinin istər dövlət bağçalarında, istərsə də özəl müəssisələrdə olsun, hər bir uşağın məktəbəqədər bacarıqları artırılmalıdır. Uşağın yaşının az olmasına baxmayaraq, 3 yaşından etibarən uşaqların öyrənmə bacarıqları dəstəklənməlidir. Bu dəstəyə məntiqi, fəlsəfi tapşırıqlar da daxildir. Məsələn, yağışın necə yağdığı, buludun necə yarandığı və ya rənglərin necə əldə olunduğu, yalnız həndəsi fiqurlar, meyvə-tərəvəzləri öyrətməklə kifayyətlənmək olmaz. Meyvələrin necə yetişdiyi, hansı fəsillərdə meyvələr yetişə bilər bu kimi məlumatlar da uşaqlara öyrədilməsi dəstəklənilməlidir. Bu isə akademik inkişafı daha da sürətləndirir. Təhsildə müəllimin və valideynin əməkdaşlığı çox böyük rol oynayır. Çünki valideyn evdə uşağı ilə məşğul olub, müəllim də məktəbdə məşğul olduğu tapşırıqları evə də tapşırıq olaraq verəndə, uşaq evdəki vaxtını daha səmərəli keçirmiş olur. Valideyn övladı ilə yolda gedərkən küçədə gördükləri barədə suallar verdikdə və uşağın gün ərzində nələr öyrəndiyini soruşduqda, uşaq bunları izah edərkən həm rabitəli nitq və sosial ünsiyyət vərdişləri formalaşır, həm də uşaq gününü necə dəyərləndirdiyini anlamış olur və öyrəndiklərini yaddaşında möhkəmləndirir".

 

Samirə Allahverdizadə

#uşağın #inkişafında #onun #təhsil
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər