Mağazada müştərinin sındırdığı məhsula görə ödəniş tələb oluna bilərmi ?- HÜQUQŞÜNASDAN VACİB AÇIQLAMA
“Əgər mağazada məhsulun sındırılması düzgün olmayan yerləşdirmə və ya təhlükəli şəraitin yaradılması ilə bağlıdırsa, məsuliyyət birbaşa mağazanın üzərinə düşür”.
Mağazada alış-veriş zamanı baş verən təsadüfi hallar xüsusilə də məhsulu müştərinin sındırması və ya zədələməsi kimi hallar tez-tez mübahisələrə səbəb olur. Belə vəziyyətlərdə əsas sual müştərinin həmin mala görə ödəniş edib-etməməsi ilə bağlıdır. Məsələ həm hüquqi, həm də etik baxımdan müxtəlif amillərlə bağlı olduğundan, hər bir hadisə konkret şəraitə uyğun şəkildə qiymətləndirilməlidir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən hüquqşünas Əli Hüseynov bildirib ki, mağazada malın sındırılması məsələsi mülki hüququn ümumi prinsiplərinə əsasən tənzimlənir:
“Əgər müştəri malı qəsdən və ya ehtiyatsızlıq nəticəsində zədələyibsə, zərərin əvəzini ödəmək vəzifəsi yarana bilər. Lakin hadisə müştərinin günahı olmadan baş veribsə, bu zaman məsuliyyət mağazanın üzərinə düşür. Alqı-satqı prosesi tamamlanana qədər mallar mağazanın mülkiyyətində qalır. Bu səbəbdən risk bölgüsü konkret vəziyyətdən asılı olaraq müəyyən edilir. Əsas hüquqi məsələ zərəri kimin törədiyinin sübut olunmasıdır”.
Yetkinlik yaşına çatmayan şəxslərin vurduğu zərərlə bağlı isə xüsusi qaydalar tətbiq olunduğunu söyləyən hüquqşünasın sözlərinə görə, fors-major və gözlənilməz hallar da məsuliyyətin müəyyən edilməsinə təsir göstərir:
“Mağaza müştərinin günahını sübut etmədən ödəniş tələb edə bilməz. Əgər məhsulun sındırılması mağazada düzgün olmayan yerləşdirmə və ya təhlükəli şəraitin yaradılması ilə bağlıdırsa, məsuliyyət birbaşa mağazanın üzərinə düşür.Sürüşkən döşəmə, dar keçidlər və digər təhlükəli amillər mağazanın məsuliyyətini artırır.Müştərinin diqqətsiz davranışı sübut olunarsa, zərərin ödənilməsi tələb oluna bilər. Lakin mağaza rəhbərliyinin avtomatik və şərtsiz şəkildə ödəniş tələbi hüquqi əsas sayılmır.Müştəriyə qarşı hər hansı məcburetmə və ya təzyiq göstərilməsi qanunsuzdur. Belə hallarda tərəflər mübahisəni həll etmək üçün müvafiq inzibati orqanlara və ya məhkəməyə müraciət edə bilərlər. Hadisənin araşdırılmasında müşahidə kameraları və digər sübutlar mühüm rol oynayır”.
Mehriban Yariyeva