Metrolarda çantasını yoxlanışa təqdim etməyən şəxslər cərimələnə bilər? - HÜQUQŞÜNAS RƏYİ
Metrodan istifadə edən sərnişinlərin tez-tez qarşılaşdığı məsələlərdən biri də təhlükəsizlik yoxlanışları ilə bağlıdır. Xüsusilə, çantaların yoxlanışa təqdim olunması zamanı bəzi sərnişinlər tərəddüd edir və ya bundan imtina edirlər.
Mövzu ilə bağlı hüquqşünas Turan Abdullazadə “İnformator.az”a açıqlamasında bildirib ki, bununla bağlı birbaşa cərimə tətbiq olunmasa da, müəyyən qayda-qanunlar mövcuddur ki, bu qaydaların pozulması hallarında vətəndaşlar cərimələnə bilərlər:
" "Maddə 306. Metropolitendən istifadə qaydalarının pozulması” 306.1. Stansiyaların vestibüllərinə, keçidlərinə və platformalarına, habelə eskalatora və vaqonların salonuna tullantı atmağa və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə -iki yüz manat məbləğində cərimə edilir. 306.2. Eskalatorun sürahisinin üzərinə əşya qoymağa görə -iyirmi manat məbləğində cərimə edilir. 306.3. Dəmir yoluna hər hansı əşya atmağa görə -iki yüz manat məbləğində cərimə edilir. 306.4. Eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan “Stop” açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda tütün çəkməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və metropoliten işçiləri üçün nəzərdə tutulmuş çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan və pirotexniki qurğulardan (fişəng, partlayıcı və s.) istifadə etməyə görə -əlli manat məbləğində cərimə edilir. 306.5. Müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədicilərini qoşmağa görə -yetmiş manat məbləğində cərimə edilir. 306.6. Metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandırmağa görə -yüz manat məbləğində cərimə edilir”.
Qeyd edək ki, metropolitenlərdən istifadə zamanı qayda-qanunlara riayət etmək vacibdir. Əks təqdirdə xoşagəlməz hallar baş verə bilər. Öz rahatlığımız üçün davranarkən digər insanları da təhlükə altına ata bilərik.
Selcan Xudiyeva