00:00:00
Yazar
Ayan Sadi
25.08.2026 22:58 28 2 dəq oxuma
Dünya

Moskva-İrəvan münasibətlərində gərginlik – Medvedevin açıqlamaları ortalığı qarışdırdı

 

Moskva-İrəvan münasibətlərində gərginlik – Medvedevin açıqlamaları ortalığı qarışdırdı

Dmitri Medvedevin Ermənistanın Avropa İttifaqına heç vaxt üzv ola bilməyəcəyi ilə bağlı səsləndirdiyi fikirlər Moskvanın Cənubi Qafqazdakı təsir rıçaqlarını qoruyub saxlamaq və Qərbin regiona nüfuzunun qarşısını almaq səyləri ilə birbaşa bağlıdır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirir ki, Rusiya bu mövqeyini Ermənistanın mövcud iqtisadi və təhlükəsizlik arxitekturasının Avrasiya İqtisadi Birliyi ilə sıx inteqrasiyası, eləcə də Aİ-yə üzvlük üçün tələb olunan uzunmüddətli və sərt meyarlarla əsaslandırır.

 

Politoloqun sözlərinə görə, Ermənistanın addım-addım Avropaya inteqrasiya siyasəti izləməsi Moskva ilə İrəvan arasında onilliklərə söykənən müttəfiqlik münasibətlərində ciddi siyasi sürtüşmələrə və dərin inamsızlığa səbəb olur.

 

“Rusiya tərəfi Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasını özünün geosiyasi maraqlarına birbaşa təhdid kimi qiymətləndirir. İrəvanın bu kursu davam etdirməsi Moskvanın həm siyasi, həm də iqtisadi müstəvidə təzyiq mexanizmlərindən istifadə etməsi ehtimalını artırır”.

 

Ekspertin fikrincə, Ermənistanın Aİ ilə yaxınlaşma istiqamətində fəaliyyətini davam etdirməsi halında Moskva iqtisadi rıçaqlardan, o cümlədən enerji resurslarının təchizatından, ticarət məhdudiyyətlərindən və Rusiyada yaşayan erməni miqrantların vəziyyətindən təzyiq vasitəsi kimi istifadə edə bilər.

 

Zeynal Əmrəliyev hesab edir ki, siyasi müstəvidə diplomatik təzyiqlər və informasiya kampaniyaları da Moskvanın İrəvana qarşı mümkün təzyiq mexanizmlərinin tərkib hissəsinə çevrilə bilər.

 

Politoloqun fikrincə, Ermənistanın Avropaya yönələn xarici siyasət kursu ölkəni yeni geosiyasi sınaqlar və iqtisadi risklər qarşısında qoyur.

 

Süsən Mərdalıqızı

#xəbər #münasibətlərində #gündəm #açıqlamaları #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər