00:00:00
Yazar
Səadət Əlizadə
18.03.2026 16:04 23 2 dəq oxuma
Sosial

Müəllimlərin sertifkasiyadan iki dəfə keçməsi kifayətdir

Müəllimlərin sertifkasiyadan iki dəfə keçməsi kifayətdir

İncəsənət məktıblərində çalışan müəllimlərin sertifkasiyadan iki dəfə keçməsi kifayətdir. Millət Vəkili Vüqar Bayramov qeyd edib ki, incəsənət sektorunda beynəlxalq müsabiqə qaliblərinin sertifkatlaşdırmadan azad edilməsi məqsədəuyğun olar.


Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında təhsil eksperti Əmrah Həsənli bildirib ki, incəsənət təhsilində sertifikasiya məsələsinə yanaşarkən ilk növbədə, bu sahənin özünəməxsus yaradıcı təbiətini və ustad-şagird münasibətlərinin fundamental əhəmiyyətini nəzərə almaq lazımdır:


“Millət vəkili Vüqar Bayramovun qeyd etdiyi kimi, incəsənət müəllimlərinin sertifikasiyadan iki dəfə keçməsinin kifayət hesab edilməsi təklifi pedaqoji baxımdan kifayət qədər əsaslıdır. Çünki incəsənət sahəsində peşəkarlıq illər keçdikcə itirilən bir bacarıq deyil, əksinə, təcrübə toplandıqca cilalanan və dərinləşən bir prosesdir. Bir müəllim öz ixtisası üzrə nəzəri və praktik hazırlığını iki dəfə uğurla sübut edibsə, bu artıq onun peşəkar yetkinliyinin təsdiqi kimi qəbul edilməlidir. Bu yanaşma həm də müəllimlərin üzərindəki psixoloji gərginliyi azaldaraq onların diqqətini imtahan həyəcanına deyil, birbaşa tədrisin keyfiyyətinə və gənc istedadların yetişdirilməsinə yönəltməyə imkan verər.
Beynəlxalq müsabiqə qaliblərinin bu prosesdən azad edilməsi təklifi isə təhsil sistemində ləyaqət və nailiyyət əsaslı qiymətləndirmənin vacibliyini ortaya qoyur. Əgər bir müəllimin yetirmələri və ya özü qlobal miqyasda qəbul olunan platformalarda uğur qazanıbsa, bu artıq onun praktiki müstəvidə ən yüksək səviyyəli "sertifikat" alması deməkdir. Belə hallarda standart test imtahanları həmin mütəxəssisin real potensialını ölçməkdə aciz qala bilər”.


Əlavə olaraq ekspert bildirib ki, institusional baxımdan yanaşsaq, bu cür güzəştlər həm də istedadlı kadrların təhsil sistemində qalmasına və onların peşə nüfuzunun artmasına birbaşa xidmət edir:


“Qiymətləndirmə modelinə gəldikdə isə, incəsənət müəllimləri üçün yalnız nəzəri suallardan ibarət olan klassik sertifikasiya modeli tam effektiv ola bilməz. Burada tətbiq olunmalı olan ideal model "inteqrasiya olunan performans qiymətləndirilməsi" olmalıdır. Bu modeldə müəllimin metodik hazırlığı ilə yanaşı, onun ifaçılıq və ya yaradıcılıq qabiliyyəti, həmçinin şagirdə yanaşma tərzi ön plana çəkilməlidir. Müəllimin dərsi necə keçməsi, musiqi alətində ifa tərzi, rəsm texnikası və ya vokal bacarıqları canlı olaraq peşəkar komissiya tərəfindən izlənilməlidir. Bir sözlə, incəsənət sektorunda sertifikasiya sadəcə bilik yoxlaması deyil, canlı sənət mübadiləsi və metodik ustad dərsi formatında qurulmalıdır ki, müəllimin həm elmi, həm də bədii potensialı tam şəkildə üzə çıxsın”.


Səadət Əlizadə

#xəbər #sertifkasiyadan #müəllimlərin #keçməsi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər