Müqaviləsiz kirayə qalmaq risklidirmi?
Mənzil kirayələyərkən tərəflər arasında yazılı müqavilənin olmaması ilk baxışda sadə və rahat görünə bilər. Lakin bu cür şifahi razılaşmalar həm kirayəçi, həm də ev sahibi üçün ciddi hüquqi və maliyyə riskləri yaradır. Qanunvericiliyə uyğun şəkildə tərtib olunmayan kirayə münasibətləri gələcəkdə mübahisələrə, əlavə xərclərə və gözlənilməz problemlərə səbəb ola bilər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında əmlak eksperti Elnur Azadovun fikirlərini öyrənib.
Onun sözlərinə görə, müqaviləsiz kirayə ciddi risklər yaradır:
“Kirayədə qalmaq üçün tərəflər arasında yazılı müqavilənin olmaması, hər şeydən əvvəl, Azərbaycan Respublikası qanunvericiliyinə ziddir və həm kirayəçi, həm də ev sahibi üçün ciddi risklər yaradır. Çünki şifahi razılaşma heç bir hüquqi əsasa söykənmir və tərəfləri gələcəkdə yarana biləcək xoşagəlməz hallardan qorumur. İcarəyə götürən şəxs üçün əsas risklərdən biri qeydiyyat məsələsidir. Müqavilə olmadıqda, şəxsin həmin ünvanda yaşamasını rəsmiləşdirmək mümkün olmur. Eyni zamanda, ev sahibi istədiyi vaxt kirayə haqqını qaldıra və ya heç bir əsas gətirmədən kirayəçini evdən çıxara bilər. Bu isə kirayəçinin mənzil tapmaq üçün çəkdiyi əziyyətin, rieltor xidmətinə verdiyi ödənişin və köç zamanı apardığı xərclərin boşa getməsinə səbəb olur".
Həmçinin ekspert vurğulayıb ki, evdəki texniki avadanlıqların sıradan çıxması və ya təmir ehtiyacı yarandıqda, bu xərcləri kimin qarşılayacağı sənəd üzərində əks olunmadığı üçün də ciddi mübahisələr yaranır:
“Eyni zamanda, kirayəyə verən şəxs də böyük təhlükələrlə üz-üzə qalır. Təhvil-təslim aktı və depozit sistemi tətbiq edilmədikdə, kirayəçi mənzili və əşyaları korlayıb, kommunal borcları və aylıq kirayə haqqını ödəmədən mənzili tərk edə bilər. Hətta bəzən kirayəçilər mənzili öz adlarına götürərək, sahibindən xəbərsiz başqa şəxslərə daha baha qiymətə alt-icarəyə verirlər ki, bu da evin inventarının və qonşularla münasibətlərin korlanması riskini artırır. Hər hansı bir bədbəxt hadisə, məsələn, yanğın və ya qaz sızması baş verdikdə, müqavilənin yoxluğu məsuliyyətin bölüşdürülməsini qeyri-mümkün edir. Odur ki, həm qanunvericiliyin tələblərinə əməl etmək, həm də hər iki tərəfin mülki hüquqlarını qorumaq üçün yazılı kirayə müqaviləsinin olması mütləqdir”.
Arzu Poladova