Nəsir İmanquliyev : Jurnalistikanın yaddaşında yaşayan imza
Bəzi insanlar peşələrini seçir, bəziləri isə seçdikləri peşənin tarixini yazırlar. Nəsir İmanquliyev ikinci qrupa aid şəxsiyyətlərdəndir. O, jurnalist, publisist, pedaqoq və redaktor olmaqla yanaşı, Azərbaycan mətbuatında öz dəst-xətti, prinsipləri və yaratdığı ənənələrlə seçilən simalardan biri idi. Onun fəaliyyəti yalnız qəzet səhifələri ilə məhdudlaşmırdı. O, mətbuatda yeni üslub formalaşdırır, radio vasitəsilə milli mədəniyyətin təbliğinə çalışır, universitet auditoriyalarında gələcəyin jurnalistlərini yetişdirirdi. Bütün bunların arxasında isə bir ortaq məqsəd dayanırdı: Azərbaycan mətbuatının inkişafı və milli dəyərlərin qorunması.
1911-ci il dekabrın 22-də Bakıda anadan olan Nəsir İmanquliyevin jurnalistikaya marağı gənc yaşlarından başlayıb. Müxtəlif qəzetlərdə çalışaraq peşənin incəliklərini öyrənib. «Kommunist», «Yeni yol», «Gənc işçi» və «Vətənin səsi» kimi nəşrlərdə ədəbi işçi, şöbə müdiri, məsul katib və redaktor vəzifələrində işləyib. Bu redaksiyalar onun üçün yalnız iş yeri deyil, həm də jurnalist təcrübəsinin formalaşdığı məktəb idi. O, mətbuatın müxtəlif istiqamətlərini öyrənir, dövrün ictimai-siyasi və mədəni proseslərini izləyir, yazı və redaktə təcrübəsi qazanırdı.
Onun peşəkar həyatında mühüm mərhələlərdən biri İkinci Dünya müharibəsi illərinə təsadüf edir. 1942-ci ildə Krım cəbhəsinə göndərilən Nəsir İmanquliyev «Vuruşan Krım» qəzetində məsul katib kimi çalışır, eyni zamanda hərbi hissədə tərcüməçilik edirdi. Müharibə şəraitində qəzet hazırlamaq, hadisələri operativ işıqlandırmaq, cəbhədəki insanların həyatını və mübarizəsini yazıya köçürmək adi redaksiya fəaliyyətindən fərqlənirdi. Bu təcrübə onun jurnalist kimi dünyagörüşünün formalaşmasına təsir göstərən mühüm mərhələlərdən biri oldu.
Jurnalistika fakültəsinə gəldiyim gündən etibarən dərslərdə Nəsir müəllimin adını tez-tez eşidirdim. Müəllimlərimizin və fakültəmizin tanınmış məzunlarının onun haqqında danışdıqları məndə maraq oyatmışdı. Bir insan haqqında bu qədər müsbət fikrin səslənməsi məni düşündürürdü: Nəsir İmanquliyev kim idi ki, illər keçməsinə baxmayaraq, onun adı bu qədər hörmətlə çəkilirdi? Elə həmin vaxtdan onun həyatını və fəaliyyətini araşdırmağa başladım. Düşündüm ki, bir insanı tanımağın ən doğru yollarından biri onunla bir dövrdə yaşamış insanların xatirələrinə nəzər salmaqdır. Çünki bəzən rəsmi mənbələrdə bir neçə cümlə ilə ifadə olunan şəxsiyyətin xarakteri bir xatirədə daha aydın görünür.
Nəsir İmanquliyevin xarakterini göstərən hadisələrdən biri Üzeyir bəy Hacıbəylinin «Koroğlu» operası ətrafında yaranan mübahisələrlə bağlıdır. Həmin dövrdə əsərə qarşı tənqidlər və təzyiqlər səslənirdi. «Yeni yol» qəzetinin mədəniyyət şöbəsinin müdiri olan Nəsir İmanquliyev isə operanın təbliği istiqamətində fəallıq göstərirdi. O, qəzetin xüsusi bülletenlərinin hazırlanmasında iştirak edir, tamaşaçıların əsərə marağını artırmağa çalışırdı. Bu addım sadəcə mədəniyyət xəbəri hazırlamaq deyildi. Söhbət Azərbaycan musiqisinin və milli səhnə sənətinin müdafiəsindən gedirdi.
Üzeyir bəy Hacıbəylinin Nəsir İmanquliyevin və Qulam Məmmədlinin fəaliyyətini yüksək qiymətləndirməsi də bu hadisənin əhəmiyyətini göstərir. Bu nümunə Nəsir müəllimin jurnalistikanı yalnız baş verənləri qeydə almaq vasitəsi kimi görmədiyini, lazım gəldikdə mətbuatın imkanlarından istifadə edərək sənətə və milli mədəniyyətə dəstək verməyi bacardığını göstərir. O, mövqeyini yalnız sözlə ifadə etmirdi; gördüyü işlərlə də nümayiş etdirirdi.
Nəsir İmanquliyevin fəaliyyətində diqqət çəkən başqa bir cəhət onun milli musiqiyə münasibəti idi. Təsəvvür edin 1950-ci illər. Repressiyadan çox keçməyib “Oxuma tar” deyənlər hələ sağdı. Belə bir dövrdə radioda ilk dəfə muğam müsabiqəsi keçirilir. “Oxu tar, səni kim unudar!” adlı muğam müsabiqəsi. Milli musiqiyə münasibətdə ehtiyatlılığın hökm sürdüyü bir zamanda muğamın radio vasitəsilə geniş auditoriyaya təqdim edilməsi böyük cəsarət tələb edirdi. Bəli onun bir xüsusiyyəti də bu idi...
1956-cı ildə təşkil olunan bu müsabiqə Azərbaycan muğamının radio vasitəsilə daha geniş auditoriyaya çatdırılması baxımından mühüm hadisə idi. Müsabiqənin münsiflər heyətində Səid Rüstəmov, Müslüm Maqomayev, Niyazi və Xan Şuşinski kimi tanınmış sənətkarlar təmsil olunurdular. İştirakçılar arasında sonralar Azərbaycan musiqi sənətində özünəməxsus yer tutan Nəriman Əzimov, Habil Əliyev, Şövkət Ələkbərova və Rübabə Muradova da vardı. Belə bir tədbirin təşkili muğamın yalnız səhnədə deyil, radio vasitəsilə də geniş dinləyici kütləsinə təqdim olunmasına şərait yaratdı.
Bu təşəbbüsün arxasında Nəsir İmanquliyevin mövqeyi dayanırdı. İmam Mustafayevin illər sonra Azərbaycan Radiosuna verdiyi müsahibədə danışdığı xatirə həmin qərarın necə qəbul olunduğunu anlamaq baxımından xüsusilə maraqlıdır. Mustafayev Nəsir İmanquliyevi radioya rəhbər təyin edərkən ondan radionun milli musiqiyə münasibəti ilə bağlı səslənən tənqidlərə öz metodu ilə cavab verməsini istəyir. Nəsir müəllimin cavabı isə qısa və qəti olur: «Oxu tar, səni kim unudar!» İmam Mustafayev sonralar müsabiqənin tənqidçiləri peşman etdiyini bildirir və belə bir kadrı vaxtında qiymətləndirdiyi üçün qürur duyduğunu söyləyir.
Xalq artisti Nəriman Əzimovun xatirələri də bu hadisənin yaratdığı təsiri göstərir. O, müsabiqənin yuxarı dairələrdə ciddi narahatlıq doğurduğunu, belə bir mübarizəyə qalxmağa çoxlarının cəsarət etmədiyini xatırladırdı. Bu xatirələrə nəzər saldıqda aydın olur ki, «Oxu tar, səni kim unudar!» sadəcə bir müsabiqənin adı deyildi. Bu, milli musiqiyə münasibətin ifadəsi, radio vasitəsilə Azərbaycan mədəniyyətinə verilən dəstəyin göstəricisi idi. Nəsir İmanquliyevin cəsarəti də məhz belə məqamlarda üzə çıxırdı: o, milli dəyərlərin təbliği üçün mövcud imkanlardan istifadə etməyi bacarırdı.
Onun fəaliyyəti yalnız radio və mədəniyyət sahəsi ilə məhdudlaşmırdı. Nəsir İmanquliyev Azərbaycan mətbuatında yeni bir nəşrin yaranmasına da imza atdı. 1958-ci il yanvarın 10-da «Bakı» axşam qəzetinin ilk nömrəsi işıq üzü gördü. Sonralar rus dilində nəşr olunan «Baku» qəzeti də bu mətbuat ənənəsinin davamına çevrildi. Nəsir müəllim uzun illər həmin nəşrlərin baş redaktoru kimi çalışdı.
«Bakı» qəzetinin yaradılması paytaxtın gündəlik həyatını daha operativ işıqlandırmaq ehtiyacından irəli gəlirdi. Qəzet şəhərin iqtisadi, sosial, siyasi və mədəni həyatını əhatə edir, oxuculara Bakıda baş verən yeniliklər barədə məlumat verirdi. Onun səhifələrində yalnız rəsmi xəbərlərə deyil, ədəbiyyata, incəsənətə, şəhər problemlərinə və insanların gündəlik həyatına da yer ayrılırdı. Beləliklə, qəzet paytaxtın ictimai həyatını əks etdirən bir mətbuat orqanına çevrildi.
Nəsir İmanquliyevin redaktor kimi fərqləndiyi əsas cəhətlərdən biri gənc qələm sahiblərinə münasibəti idi. O, yeni imzaların üzə çıxmasına, onların yaradıcılıq imkanlarının inkişafına xüsusi diqqət yetirirdi. Qəzetin səhifələrində tanınmış yazıçı və şairlərlə yanaşı, gənc müəlliflərin də yazılarına yer verilməsi bu yanaşmanın göstəricisi idi. Nəsir müəllim üçün redaktor olmaq yalnız yazını yoxlamaq, səhvləri düzəltmək və materialı çapa hazırlamaq demək deyildi. Redaktor həm də müəllifin inkişafına kömək etməli, onun bacarığını görməli və doğru istiqamət verməli idi.
Jurnalist Mülatif Adurovun xatirəsində bununla bağlı maraqlı bir hadisə var. Universitet tələbəsi olduğu vaxt «Bakı» qəzetində əməkdaşlıq edən Mülatifə Nəsir müəllim rus dilində beş səhifəlik mətnin tərcüməsini tapşırır. Gənc tələbə tərcüməçilik təcrübəsinin olmadığını bildirsə də, redaktor ona «Nə bacarırsansa, elə» cavabını verir. Mülatif Adurov gecə boyu işləyərək tapşırığı yerinə yetirir. Nəsir müəllim isə sonradan onun anasına zəng edərək gecə vaxtı övladına əlavə zəhmət verdiyi üçün üzr istəyir. Daha sonra gənc əməkdaşa bu tapşırığın həm də bir sınaq olduğunu açıqlayır və onu tam ştata işə qəbul edir.
Bu hadisə ilk baxışdan adi redaksiya xatirəsi kimi görünə bilər. Ancaq onun arxasında Nəsir İmanquliyevin xarakterini açan iki mühüm xüsusiyyət dayanır: tələbkarlıq və qayğıkeşlik. O, əməkdaşından məsuliyyət və zəhmət tələb edir, eyni zamanda onun əməyinə, vaxtına və ailəsinə hörmətlə yanaşırdı. Mülatif Adurovun xatirəsində Nəsir müəllimin anasına zəng etməsi, əslində, onun rəhbər kimi insani keyfiyyətlərini göstərən ən yaddaqalan məqamlardandır. Bu, gənc əməkdaşa verilən bir tapşırıqdan daha artıq idi: Nəsir müəllim həm onun bacarığını yoxlayır, həm də ona etibar göstərirdi.
Onun tələbələrinə münasibəti də redaksiyadakı əməkdaşlarına yanaşmasından fərqlənmirdi. Nəsir İmanquliyev 1947-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb və ömrünün böyük hissəsini jurnalist kadrlarının hazırlanmasına həsr edib. O, tələbələrin yalnız auditoriyada nəzəri bilik əldə etməsini kifayət hesab etmirdi. Onların qəzetlərlə əməkdaşlıq etməsini, yazı yazmasını, redaksiya mühitini yaxından tanımasını vacib sayırdı. Çünki jurnalistikanın yalnız auditoriyada öyrənilmədiyini, yaxşı bilirdi. Peşənin əsas sınağı redaksiyada, hadisə yerində, oxucu ilə ünsiyyətdə başlayırdı.
Nəsir müəllimin tələbələrindən biri olan Əməkdar jurnalist, yazıçı-publisist Flora Xəlilzadənin xatirələri onun müəllimlik fəaliyyətini daha yaxından tanımağa imkan verir. Flora Xəlilzadə Nəsir İmanquliyevin sovet dövrünün bütün qadağalarına baxmayaraq, tələbə jurnalistlərə milli mətbuatımızı aşıladığını, onların milli kimliyini unutmamasına çalışdığını bildirir. Onun sözlərinə görə, «Bakı» və «Baku» qəzetləri fakültə tələbələri üçün yaradıcılıq emalatxanasına çevrilmişdi. Tələbələr burada ilk yazılarını hazırlayır, peşəkar mühitlə tanış olur, öz imzalarını formalaşdırmaq imkanı qazanırdılar.
Bu xatirə Nəsir İmanquliyevin müəllimlik fəaliyyətinin əsas mahiyyətini göstərir. O, tələbələrə yalnız jurnalistikanın nəzəri qaydalarını öyrətmirdi. Onlara milli mətbuatın tarixini, ana dilinə münasibəti, peşəyə məsuliyyətlə yanaşmağı və jurnalistin cəmiyyətdəki mövqeyini də aşılayırdı. Onun üçün yaxşı jurnalist yetişdirmək yalnız peşəkar yazı bacarığı qazandırmaq deyildi. Jurnalist həm də öz xalqını, dilini, tarixini və cəmiyyətini tanımalı idi.
Nəsir İmanquliyevin pedaqoji fəaliyyətinin uzun illər davam etməsi onun bu sahəyə verdiyi əhəmiyyətin göstəricisidir. O, müəllim, dosent və professor kimi jurnalistika təhsilinin inkişafında iştirak edib. Onun tələbələri sonralar müxtəlif mətbuat orqanlarında çalışaraq Azərbaycan jurnalistikasının inkişafına töhfə veriblər. Bu mənada Nəsir müəllimin irsini yalnız yaratdığı qəzetlərdə və yazdığı məqalələrdə axtarmaq düzgün olmazdı. Onun yetişdirdiyi jurnalistlər də həmin irsin davamçılarıdır. Professor Cahangir müəllim bir müsahibəsində belə deyir:
Nəsir müəllim bir neçə məktəbin banisidir: Təmizlik məktəbinin; Jurnalistikanın nəzəriyyəsi məktəbinin və ən əsası o öz praktik fəaliyyəti ilə jurnalistlərə bir nümunədir.
Mən bu yazını hazırlayarkən Nəsir İmanquliyevin həyatına dair faktlarla yanaşı, onun haqqında danışan insanların xatirələrinə də müraciət etdim. İmam Mustafayevin müsahibəsi, Nəriman Əzimovun xatirələri, Mülatif Adurovun redaksiya həyatından danışdıqları və Flora Xəlilzadənin müəllimi haqqında söylədikləri bir-birini tamamlayan mənzərə yaradır. Bu xatirələrdə fərqli Nəsir İmanquliyev obrazları ilə qarşılaşırıq: milli musiqini müdafiə edən cəsarətli rəhbər, gənc jurnalistin bacarığını görən tələbkar redaktor, tələbələrinin milli kimliyini qorumağa çalışan müəllim. Ancaq bütün bu obrazların mərkəzində eyni şəxsiyyət dayanır.
Bu yazını hazırlayarkən bir daha anladım ki, bəzi insanlar haqqında nə qədər oxusan da, onları tam tanıdığını düşünə bilmirsən. Hər yeni xatirə, hər yeni fikir qarşında başqa bir Nəsir İmanquliyev obrazı yaradır. Mənim üçün o, artıq sadəcə dərslərdə adını eşitdiyim bir professor deyil. O, öz peşəsinə sadiqliyi, cəsarəti, tələbələrinə münasibəti və milli dəyərlərə bağlılığı ilə tanıdığım bir şəxsiyyətdir. Bəlkə də bu araşdırmanın mənə qazandırdığı ən böyük nəticə budur: jurnalist olmaq yalnız yazmağı bacarmaq deyil. Öz mövqeyini qorumaq, dilinə, xalqına və peşənə hörmət etməkdir. Nəsir müəllimin həyatından öyrəndiyim ən mühüm dərs də məhz budur. Arzu edirəm ki, biz gələcəyin jurnalistləri onun adını yalnız xatırlamaqla kifayətlənməyək, həm də yaratdığı ənənələri yaşadaq. Çünki məncə, bir müəllimin ən böyük uğuru tələbələrinin onu illər sonra da sevgi və ehtiramla xatırlamasıdır. Nəsir İmanquliyev isə bu sevgini qazanmağı bacaran insanlardan olub.
Nəsir müəllimin xatirəsinə hörmətlə...
Əhmədova Aytən