Qızıl qlobal ehtiyat valyutası kimi avronu geridə qoyub
Avropa Mərkəzi Bankı (AİMB) bildirib ki, qızıl rekord səviyyədə alışlar və artan qiymətlərin təsiri ilə mərkəzi banklar üçün dünyanın ən mühüm ikinci ehtiyat aktivi kimi, Avropa İttifaqına (Aİ) üzv olan 20 ölkənin vahid valyutası olan avronu geridə qoyub.
Avropa Mərkəzi Bankı (AMB), 2024-cü ilə dair avronun beynəlxalq istifadəsi ilə bağlı hesabatını açıqlayıb. Hesabata görə, 2023-cü ilin sonunda beynəlxalq ehtiyatlardakı avronun payı 20 faiz olub və valyuta məzənnələrindəki dalğalanmalara uyğun tənzimləndikdə bu göstərici ötən ilin sonunda da böyük ölçüdə dəyişməyərək 20 faiz olaraq qalıb.
Qlobal ehtiyatlardakı payı ötən il 2 faiz bəndi azalsa da, ABŞ dolları 57,8 faiz payla dünyanın ən çox üstünlük verilən rəsmi ehtiyat valyutası olmağa davam edib. Çin yuanının payı isə 2,2 faiz olub ki, bu da 2022-ci ildəki maksimum səviyyədən 0,4 faiz bəndi aşağıdır.
Bazar qiymətlərinə görə isə, qızılın 1 unsiya üzrə dəyərinin yeni zirvələrə çatması ilə birlikdə, təhlükəsiz liman hesab olunan bu aktiv ötən il qlobal rəsmi ehtiyatların 20 faizini təşkil edərək, 16 faiz paya sahib avronu geridə qoyub. ABŞ dolları isə 46 faiz payla liderliyini qoruyub.
AMB-nin hesabatında qeyd olunub ki, “Mərkəzi banklar rekord sürətlə qızıl yığmağa davam ediblər. 2024-cü ildə mərkəzi banklar 1000 tondan çox qızıl alıblar. Bu, son 10 ildə illik orta göstəricinin ikiqatıdır. Mərkəzi bankların qlobal qızıl ehtiyatları hazırda 36 min tona çataraq, 1965-ci ildə Bretton Vuds dövründə qeydə alınan 38 min tonluq tarixi maksimuma yaxınlaşıb”.
Sonda bildirilib ki, qızıl alımları maliyyə aktivlərinin dondurulması kimi sanksiyalara qarşı bir qorunma vasitəsi kimi qiymətləndirilir və Çin və Rusiya son 3 ildə digər ölkələrlə müqayisədə daha çox qızıl toplayıblar.
TRT XƏBƏR
Lalə Qurbanlı