Qızıl rekord bahalaşıb: dünya bazarında kəskin artım
Dünya bazarında qızılın qiymətində diqqətçəkən artım qeydə alınıb. COMEX əmtəə birjasında aparılan son əməliyyatlara əsasən, qızılın bir troya unsiyasının qiyməti 183,6 dollar yüksələrək 4868,3 dollara çatıb. Bu artım qlobal iqtisadi qeyri-müəyyənliklər, inflyasiya riskləri və investorların təhlükəsiz aktivlərə yönəlməsi ilə izah olunur.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, qiymətlərin son günlərdə bahalaşmasının əsas səbəbi müharibə ilə bağlıdır:
“Xüsusilə, son iki gündə artım daha da nəzərə çarpır, dünən isə qiymətlər daha kəskin yüksəlib. Müharibənin yekunlaşacağına dair xəbərlər qiymətlərin artmasına təsir edir. Çünki müharibə bitərsə, enerji qiymətlərinin düşəcəyi gözlənilir, müharibə davam etdikdə isə enerji qiymətləri yüksək olur. Enerji qiymətlərinin yüksək olması inflyasiyanı artırır, bu da gələcəkdə pul siyasətinin sərtləşdirilməsinə səbəb ola bilər. Bu kimi hallarda qızılın qiyməti əvvəl ucuzlaşıb. Lakin indi müharibənin bitə biləcəyi ilə bağlı gözləntilər qızılın bahalaşmasına səbəb olur. Eyni zamanda, böhranlı vəziyyətlərdə mərkəzi bankların qızılı sataraq likvid vəsait əldə edəcəyi ehtimalı da bazara təsir göstərir. Qeyd etmək lazımdır ki, bundan əvvəl qızılın qiymətində kəskin eniş də müşahidə olunub. Məsələn, dünya bazarında qızılın qiyməti 5300-5400 dollar səviyyəsinə qədər yüksəlsə də, bu tam rekord hesab olunmur”.
Həmçinin iqtisadçı bildirib ki, qızılın dünya bazarındakı qiymət dəyişiklikləri Azərbaycan bazarına da təsir edir:
“Lakin bu təsir eyni nisbətdə olmur. Məsələn, dünya bazarında qiymət yarım faiz artdıqda, yerli bazarda zərgərlik məhsullarının qiyməti eyni faizlə artmaya bilər. Bu, müəyyən fərqlərlə hiss olunur. Bundan əlavə, zərgərlik məhsulları yalnız qızıldan ibarət deyil. Onların qiymətinə işçilik xərcləri, digər qiymətli daşlar (məsələn, brilyant), icarə və digər xərclər də daxildir. Buna görə də qızılın qiyməti dəyişdikdə, zərgərlik məhsullarının qiyməti də müəyyən dərəcədə dəyişir, lakin tam eyni olmur. İnvestisiya baxımından isə qızıl daha çox risklərin idarə olunması vasitəsi kimi qiymətləndirilir. Ümumi yanaşmaya görə, qızıl və digər qiymətli metallar investisiya portfelinin təxminən 10 faizini təşkil etməlidir. Lakin bu, hər bir investorun fərdi qərarından asılıdır”.
Cavahir Əsgərbəyli