Qüsurlu Məhsul Aldınız? Hüquqlarınızı Bilin!
Gündəlik alış-veriş zamanı vətəndaşların ən çox qarşılaşdığı problemlərdən biri də keyfiyyətsiz və ya qüsurlu məhsulların satılmasıdır.
Mövzu ilə bağlı hüquqşünas Şəhram Şəmmədli “İnformator.az” a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa əsasən, vətəndaş keyfiyyətsiz və ya qüsurlu məhsul aldıqda bir sıra hüquqlara malikdir:
“İstehlakçı satıcıdan məhsulun pulsuz təmir olunmasını, eyni markalı və ya oxşar məhsulla dəyişdirilməsini, məhsulun qiymətinin müvafiq qaydada azaldılmasını və ya ödənilmiş məbləğin geri qaytarılmasını tələb edə bilər. Əgər məhsulda istehsal qüsuru və ya onun normal istifadəsini mümkünsüz edən ciddi çatışmazlıq aşkar edilərsə, istehlakçı müqavilədən imtina edərək məhsulu geri qaytarmaq və ödədiyi məbləğin geri verilməsini tələb etmək hüququna malikdir. Satıcı istehlakçının qanuni tələbini yerinə yetirməkdən imtina etdikdə, vətəndaş ilk növbədə satıcıya yazılı şəkildə müraciət edə bilər. Problem həll olunmadıqda isə vətəndaş Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət etmək və ya öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu cür mübahisələr istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı mülki mübahisə kimi məhkəmələr tərəfindən araşdırılır. Qüsurlu məhsula görə pulun geri qaytarılması bir neçə halda mümkündür. Əgər məhsulda ciddi qüsur aşkar edilərsə və həmin qüsur məhsulun normal istifadəsini mümkünsüz edərsə, istehlakçı məhsulu geri qaytararaq ödənilmiş məbləğin geri qaytarılmasını tələb edə bilər. Həmçinin məhsul təkrar-təkrar xarab olarsa, təmir mümkün olmazsa və ya satıcı müəyyən edilmiş müddətdə qüsuru aradan qaldırmazsa, istehlakçı müqavilədən imtina edib pulunun geri qaytarılmasını tələb etmək hüququna malikdir”.
Selcan Xudiyeva